"Bavariya"nın finala çıxmasının "Qarabağ"a xeyri

“Bavariya”nın dünən yarımfinalda “Lion”a qalib gələrək (3:0) Çempionlar Liqasının finalına yüksəlməsi “Qarabağ”ın xeyrinə işləyib. Amma bunun üçün ilk əvvəl Ağdam klubu ikinci təsnifat mərhələsində “Şerif”ə (Moldova) qalib gələrək növbəti raunda yüksəlməlidir.



Məsələ burasındadır ki, “Lion”dan fərqli olaraq, “Bavariya” və digər finalçı PSJ 2020/21 mövsümü üçün ÇL-in qrupunda oynamağı öz liqalarında tutduğu yer vasitəsi ilə təmin edib. Bu isə o deməkdir ki, oktyabrın 20-də başlanacaq qrup mərhələsində 2019/20 mövsümü ÇL-in qalibi üçün nəzərdə tutulan yer boşalacaq. Bu vəsiqə əvvəlcə pley-offda iştirakı gözlənilən “Ayaks”a qismət olacaq.




Buna görə də UEFA üçüncü təsnifat mərhələsinin iştirakçıları arasında bəzi yerdəyişmə etməli olacaq. Yunanıstan və Çexiya çempionları – “Olimpiakos” və “Slaviya” üçüncü mərhələdən dördüncü – pley-off mərhələsinə keçiriləcək. Bu isə “Qarabağ” üçün yaxşı xəbərdir.

Birincisi, əgər Azərbaycan çempionu 3-cü mərhələyə adlasa, o zaman belə güclü rəqiblərlə qarşılaşmayacaq. İkincisi, yunan və çexlərin 3-cü mərhələdə oynamaması Qurban Qurbanovun komandasına avqustun 31-də keçiriləcək püşkatmada “səpələnmişlər” səbətinə yaxınlaşdırır. Amma bunun üçün 2-ci mərhələdə reytinqi yüksək olan beş komandadan birinin uduzması lazımdır. Bu komandalar “Seltik” (Şotlandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə) və “Srvena Zvezda”dır (Serbiya). Belə olan halda “Qarabağ” “səpələnmişlər” səbətində uduzan komandanı əvəz edəcək və “səpələnməmişlər” səbətindəki münasib rəqiblə düşəcək.

Amma qeyd etdiyimiz kimi, bunun üçün “Qarabağ” ilk növbədə ikinci mərhələnin Bakıda “Şerif”ə qarşı keçiriləcək oyununda (26 avqust) qalib gəlməlidir. Əgər Ağdam təmsilçisi istəyinə nail olsa, sentyabrın 15 və ya 16-da 3-cü raundda iştirak edəcək.

Xatırladaq ki, “Qarabağ” birinci mərhələdə Şimali Makedoniyanın “Sileks” komandasına 4:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, əgər “Qarabağ” üçüncü mərhələdə qələbə qazanıb ÇL-də pley-off mərhələsinə vəsiqə qazanarsa, bu halda Avropa Liqasının qrupunda iştirakı birbaşa təmin etmiş olacaq.

0 comments