Bayramov I MDB Oyunlarında iştirak etməyəcək


Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında iştirak edəcək Azərbaycanın 23 yaşadək sərbəst güləşçilərdən ibarət millisinin heyətində dəyişiklik edilib 90plus.az bu barədə "Report"a istinadən xəbər verir. Baş məşqçi Arif Abdullayev 74 kq çəki dərəcəsində çıxış edən Turan Bayramovun yarışa aparılmayacağını söyləyib: "Bayramov yorğundur. Tokio-2020 Yay Olimpiya Oyunlarından gələndən sonra Rusiyanın Ufa şəhərindəki gənclərin dünya çempionatında iştirak edib və yorğunluğa baxmayaraq, üçüncü yeri tutub. ABŞ idmançısı Kiqan Otole ilə 1/4 final görüşündə 5:1 hesabı ilə öndə idi. Ani səhvə görə məğlubiyyətlə üzləşdi. Biz də istəmərik ki, uşağa çox əziyyət verək". Abdullayev gənc pəhləvanın perspektivli idmançı olduğunu və bu səbəbdən onu çox yükləmək istəmədiklərini bildirib: "Turan Bayramov MDB Oyunlarında iştirak etməyəcək. Bir ay ərzində 3 yarışda güləşmək çox ağırdır. Onun yerinə kimin yollanacağına təlim-məşq toplanışından sonra qərar verəcəyik. Kim hazır olsa, onu da heyətə daxil edəcəyik". Qeyd edək ki, Turan Bayramov bu il Polşanın Paytaxtı Varşavadakı böyüklərin Avropa çempionatında gümüş, Almaniyanın Dortmund şəhərində gənclərin qitə yarışında qızıl medal qazanıb. O, 2019-cu ildə gənclərin analoji yarışında dünya və Avropa çempionu adına da sahib çıxıb.

0 comments