"Beylin "Real"a qayıtmasına şübhə edirəm"

"Real"ın icarə əsasında "Tottenhem"də çıxış edən futbolçusu Qaret Beylin klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

90plus.az "Evening Standard"a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin Madrid təmsilçisinə qayıdacağı, yoxsa London klubunda qalacağı hələ də məlum deyil. Onun meneceri Conatan Barnett isə bu məsələ ilə bağlı sualları belə cavablandırıb:

"Müzakirələr davam edir. Son qərarı tək Beyl yox, hər 3 tərəf verməlidir - "Real" və "Tottenhem" də. Bizim vəziyyətə öz baxışımız var. Beylin "Real"a qayıtmasına isə şübhə edirəm. Əgər onu yenidən ehtiyat oyunçular skamyasına qoymaq istəyirlərsə, bu, onların seçimidir".

Qeyd edək ki, Beyl "Tottenhem"ə ötən ilin yayında keçib. Uelsli oyunçu bu müddət ərzində 31 matçda 14 qol vurub. Onun "Real"la müqaviləsi isə 2022-ci ilin yayına qədərdir.

0 comments