Biliç: "Burak əsl idmançıdır!"


Xorvatiya millisinin sabiq baş məşqçisi Slaven Biliç Türkiyə komandası barədə fikirlərini bildirib.


90plus.az xəbər verir ki, o, “Fanatik” qəzetinə müsahibəsində “ay-ulduzlular” haqda müsbət fikirlər səsləndirib.


"Türkiyənin qrupu barədə fikir söyləmək istəmirəm. Hər qrup və və matç çox önəmlidir. Türkiyənin oyunçuları həqiqətən böyük futbolçulardır. Əksəriyyəti xaricdə çıxış edir. Eyni zamanda gənc futbolçuları var. Heyətdə Burakla yanaşı Çağlar, Ozan Kabak, Merih Demiral, Hakan Çalhanoğlu, Zeki Çelik ve Okay Yokuşlu kimi önəmli futbolçular yer alıb".


Biliç bildirib ki, hazırkı Türkiyə millisinə qarşı oynamaq əvvəlkilərlə müqayisədə daha çətindir:


"Komandaya Şenol Günəş kimi çox təcrübəli məşqçi rəhbərlik edir. Qarşımda enerjisi və motivasiyası yüksək, uğura ac olan və onu qazanmağa köklənən bir komanda görürəm. Türkiyədəki futbol iqliminə bələd biri kimi qeyd edim ki, insanlar tez-tez bu komandanı 2002-ci ildəkinə bənzədirlər”.

"Burak əsl idmançıdır" Onun sözlərinə görə, hazırkı millidə böyük klublarda oynayan daha çox oyunçu yer alıb: “Lester”də Çağlar, “Liverpul”da Ozan, “Milan”da Hakan, çempion olan “Lill”də Burak, Zeki və Yusuf kimi adlar var. Türkiyəyə qarşı məşqçi və futbolçu kimi bir neçə dəfə rəqib olmuşam. Mənim vaxtımda “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça”da oynayanlar Türkiyə millisində rahatlıqla start heyətə düşürdü. Ancaq indi belə bir şey yoxdur. Üç böyük klubda oynasalar da, milliyə düşmək kimi təminatları yoxdur”.


S.Biliç 35 yaşlı Burak Yılmaz barədə də müsbət sözlər deyib: “Daha əvvəl Atiba Xatçinson barədə dediyim əfsanə, əsl idmançı və nümunəvi peşəkar sözləri Burak Yılmaza da aiddir. O istəsə idi Türkiyədə rahat bir həyatı seçər və yaxşı pul qazanardı. Ancaq əksini etdi, Fransada “Lill” klubuna keçdi. Karyerasında bir çox çempionluğa baxmayaraq, oradakı gənc futbolçularla birincilik savaşına girdi, PSJ kimi nəhəngin çıxış etdiyi liqada tarixi uğurun memarlarından oldu. Burak da Atiba kimi əsl idmançıdır. Bəzən 20 yaşındakı futbolçuların oyuna olan aclığı yoxa çıxır. Burak Yılmaz isə bu məsələdə mükəmməl bir örnəkdir. 35 yaşda olmasına baxmayaraq, hələ də çox istəklidir. İnanıram ki, “Avro-2020”də ölkəsi üçün mühüm işlər görəcək”.

0 comments

Recent Posts

See All