top of page

“Bir çox klublar bunun badına gediblər” Ayxan Abbasov


"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 18-ci turunda "Araz-Naxçıvan"a qalib gəldikləri görüşdən sonra mətbuat konfransında fikirlərini bildirib.


90plus.az xəbər verir ki, mütəxəssis ötən gün dayandırılan və bu gün davam edən matç haqqında ümumi fikirlərini bölüşdükdən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Dünən məyusedici hadisə oldu. Allaha şükür itkisiz, xəsarətsiz başa çatdı. İstəməzdik belə olsun. Hər işdə bir xeyir var. Çətin komandaya qarşı oynayırdıq. "Araz-Naxçıvan" özündən söz etdirən komandadır. Ağır qrafikdə idik. Futbolçularımdan razıyam. Sevindirici haldır ki, bir pillə yuxarı qalxdıq. Qış toplanışını yaxşı keçməliyik. Mövsümün ikinci yarısı daha ağır keçəcək. Klub olaraq inkişaf etməliyik. Bu il yaxşı şeylər çoxdur. Ötən mövsümün ilk yarısını 17 xalla 6-cı yerdə bitirmişdik. Bu il isə 22 xal toplamışıq.

- Qışda transferlər gözlənilir?

- Bu dəqiqə transfer haqda düşünmürük. Hazırda bizim problemimiz transfer deyil. 22 xalımız var. Bizi qane etməyən iki oyunumuz olub. Biri səfərdə "Qəbələ" ilə, digəri isə evdə "Səbail"lə matç. Digər matçlarda məğlub olsaq belə, rəqibdən zəif olmamışıq. Bəzi hakim səhvləri oldu. Bu gün 25-26 xalımız ola bilərdi. Amma bu, futboldur. Böyük çempionatlarda da belə hallar qaçılmazdır. 

- Bu heyətlə avrokuboklara vəsiqə qazanmaq mümkündür?

- Çempionatın əvvəlindən hədəfimizi demişik. Gələcək üçün iddialı olmaq istəyirik. Bir ildə iddialı ola bilməzsən. Bizdə səhv yanaşma var. Bir çox klublar bunun badına gediblər. Bu gün qarşımıza avrokubok hədəfi qoymamışıq. Bunun üçün bizdən üstdəki klublar qədər büdcəmiz olmalıdır. Hələ ona tələsmirik. Eləyə bilərik. Amma bir yol seçmişik. Avrokuboklara vəsiqə qazansaq, sevinəcəyik. Qazanmasaq da, faciə olmayacaq. Əsas məqsədimiz Premyer Liqada möhkəmlənməkdir. (sportal.az)

0 comments
bottom of page