"Bir məğlubiyyət hər şeyi dəyişə bilər" - Qurban Qurbanov


"Bütün futbolçular hazırdır. Sadəcə, Marko Yankoviçlə bağlı sabah qərar verəcəyik. Həkimlərin müayinəsindən sonra durumuna aydınlıq gələcək".

"90plus"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis rəqib komandadakı həmkarı haqqında məlumatının çox olduğunu bildirib: "Yaxşı, bacarıqlı mütəxəssisdir. Aqressiv və sürətli futbol tələb edir. Son çempionat matçında da dinamika yüksək idi. Baş məşqçiyə qarşı tam hazırlaşa bilməyəcəyik. Çox diqqətli olmalıyıq. Oyun ərzində görmədiyimiz detallar ola bilər. Bizi yalnız bu amil narahat edir. Amma öz oyunumuz haqqında düşünməli, meydanda daha çox mübarizə aparmalıyıq. İnanıram ki, maraqlı görüşün şahidi olacaqsınız".

O, "Olimpiakos"dan hansısa futbolçunu fərqləndirmək istəmədiyini söyləyib: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam. "Olimpiakos" kollektiv oyuna üstünlük verir. Amma hər bir futbolçunun potensialını bilirik. Bununla bağlı bizdə lazımi məlumatlar var".

Təcrübəli mütəxəssisin sözlərinə görə, qrupda mübarizə sonadək gedəcək: "Olub ki, digər rəqiblərdən üstün olmuşuq, amma sonda qrupda qalmışıq. Müasir futbolda istənilən komandanın qalib gəlmə və məğlub olma ehtimalı var. Hər bir xalın bizim üçün böyük önəmi var. Bir məğlubiyyət hər şeyi dəyişə bilər. Hazırkı nəticəmizi daha da yaxşılaşdırmaq istəyirik. Qrupdakı hər üç komandaya eyni gözlə baxırıq. Hər matça eyni ciddiliklə hazırlaşırıq və bu, hər zaman belə olacaq".

Qurbanov sabahkı qarşılaşmada rəqibin heyətində bütün futbolçuların iştirakını arzuladığını vurğulayıb: "Bunun bizim üçün üstünlük olduğunu deməzdim. Çünki futbolçular arasında fərq böyük deyil. Mənim üçün önəmli olan öz komandamın matça hansı səviyyədə hazır olmasıdır".

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0 comments