top of page

“Bizim üçün qələbə önəmli idi” Elmar Baxşıyev


"Maraqlı oyun oldu. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Matçın dinamikası yaxşı idi. Komandamı təbrik edirəm. Bizim üçün qələbə önəmli idi. Daha da artırmalıyıq ki, sonuncu pillədən qurtulaq. İli qələbə ilə başa vurmaq sevindiricidir. Ümid edirəm ki, üçüncü dövrədə daha yaxşı olacağıq".

90plus.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 18-ci turunda evdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, əvvəlcə Antalyada təlim-məşq keçməyi planlaşdırdıblar, amma sonradan Qəbələdə qalmağa qərar veriblər: "Mənim tərəfimdən belə təklif oldu ki, Türkiyə səfirinin əvəzinə imkan olduqca yeni oyunçu ilə güclənək". 

Mütəxəssis  klub prezidenti Fariz Nəcəfov komandanın məşqində iştirakına da toxunub: "Fariz müəllim tək dünən yox, hər həftə komanda ilə görüşür. Bu, media üçün təəccüblü ola bilər, bizim üçün təəccüblü deyil. Biz onu həmişə görürük və hiss edirik".

E.Baxşıyev "Qəbələ"nin ilin ilk yarısında çox uğurlu, ikinci yarısında isə uğursuz olmasının səbəbi haqda deyib:  "Bu enişi təxmin edirdik. Ötən mövsümün əsas oyunçuları komandanı tərk etdi. Ötənilki heyəti 3 ilə formalaşdırmışdıq. Builki komanda yenidir, düzdür, bir oyun yaxşı, bir oyun pis oynayırıq. Stabillik yoxdur. Yeni oyunçular hələ tam uyğunlaşmayıb. Ümid edirəm ki, bəzi mövqeləri gücləndirə, rəqabəti artıra bilsək, daha iddialı ola bilərik".

O, qışda neçə transfer edəcəkləri əlaqədar söyləyib: "Burada açıqlamaq istəmirəm. Hər mövqedə rəqabət olmasını istəyirəm. Sevindirici hal odur ki, bu il Nicatı qazandıq. Heç kimin tanımadığı futbolçu idi. Bir oyunçu nəzərimizdə var. Düşünürəm ki, iki futbolçu olsa, daha yaxşı olar.

 Ötənilki komandada futbolçularımızın adlarının başqa klublarla hallanması sıxıntısını yaşadıq. İndi çox oyunçunun müqaviləsi 2 illikdir. Hansısa futbolçuya yaxşı təklif olarsa, dəyərləndirməyə hazırıq".

E.Baxşıyev adının Azərbaycan millisinin baş məşqçisi vəzifəsində hallanmasına belə münasibət bildirib: "Milli ilə bağlı İşçi Qrupu qərar verəcək. Mənim burada olmağımın səbəbi var. Demək olar bu klubun yetirməsiyəm. Burada inkişaf edib məşqçiliyə başlamışam. Hələ ki, daha çox "Qəbələ"ni bu durumdan çıxarmaq fikrindəyəm. Qarşıda nə olacağını Allah bilir".

0 comments
bottom of page