Boksçularımız 1/4 finalda

Polşanın Keltse şəhərində keçirilən gənc boksçular arasında dünya birinciliyində Azərbaycanın 2 təmsilçisi mübarizəyə başlayıb.

90plus.az xəbər verir ki, turnirin beşinci günündə Əzrək Bəbirov və Nicat Hüseynov rinqə çıxıb. İlk görüşündə Maksat Jusipovu (Qırğızıstan) mübarizədən kənarlaşdıran Əzrək Bəbirov 1/8 finalda tailandlı Panuvat Çunjan-Atla üz-üzə gəlib. 56 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz bu dueldən də qalib ayrılıb. O, rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Bəbirov 1/4 finalda Aleksey Şendrixlə (Rusiya) döyüşəcək. Görüş aprelin 19-da keçiriləcək.

Millimizin digər üzvü – Nicat Hüseynov isə (49 kq) ilk qarşılaşmasında Allan Morozovu (Estoniya) sınağa çəkib. 1/8 finalda həmyerlimiz inamlı qələbə qazanıb – 5:0 (30:25, 30:25, 30:27, 29:27, 29:26). Onun 1/4 finalda rəqibi isə macarıstanlı Levent Eqedus olacaq. Hüseynov da növbəti döyüşünə aprelin 19-da çıxacaq.

Qeyd edək ki, daha əvvəl Əli Zamanov (52 kq) 1/4, Cəlal Qurbanovla (60 kq) Murad Allahverdiyev (81 kq) 1/8 finala yüksəlib. Dünya birinciliyi aprelin 23-də başa çatacaq.

0 comments