"Oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Xallarımızı artırmaq üçün yaxşı oyun idi. Daha çox xala ehtiyacımız var".
90plus.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının 11-ci turunda bu gün "Şamaxı" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, qolsuz başa çatan matçı belə şərh edib: "Yaxşı başladıq, hesabı da aça bilərdik. Ancaq qırmızı vərəqə oyunumuzu daha da ağırlaşdırdı. Azlıqda olsaq da, fasilədən sonra qorxaq futbol oynamadı. Əks-hücumda oynadıq. Bir çox qol epizodları da yarada bildik. Rəqibin meydançasında oynaya bilirdik. Təəssüf ki, qalib gələ bilmədik. Halbuki xala ehtiyacımız var idi. Qarşıdakı oyunlara hazırlaşacağıq".
Qurbanov komandasının qeyri-stabil oynaması fikri ilə razılaşmayıb: "Deməzdim ki, qeyri-stabil oynayırıq. Üç oyunda qırmızı vərəq almışıq. Bu da oyunumuza təsir edib. Uşaqlar bacardığı qədər oynayır. Ola bilər ki, futbolçularımızda stabillik yoxdur. Bir oyun yaxşı oynayırlar, digər oyun fərqli olur. Ona görə də tez-tez heyətdə dəyişiklik edirik. Ümumilikdə komanda şəklində pis deyilik".
Qurbanov matçın 42-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan Tural Bayramlının cəzalanacağını bildirib: "Çünki Bayramlı "Zirə" ilə oyunda da qırmızı vərəqə ilə cəzalanmışdı. Ona pul cəzası kəsmişdik. Bu dəfə daha sərt olacaq. Bir oyunçu iki dəfə meydana çıxır və hər ikisində də qırmızı vərəqə alırsa, bunun cəzası sərt olmalıdır. Bəlkə də həmin vəziyyətdə sarı vərəqə ilə də kifayətlənmək mümkün idi. Hər halda, qırmızı vərəqə ilə cəzalandırıldı. Klub tərəfindən cəzası olacaq".
M.Qurbanov azlıqda qalmalarına baxmayaraq, hücum futbolçu oynadıqlarını bildirib: "Biz udmaq istəyirdik. 10 nəfərlə qalanda da, fasilədə dedim ki, hücum etməli, qol vurmalıyıq, müdafiədə oturmamalıyıq. Əfsuslar olsun ki, qol vura bilmədik. Bir xal qazandıq, yoxsa iki xal qazandıq, bunu demək çətindir. Rəqibin də heyətində yaxşı futbolçular var idi. Onlar da qələbə istəyirdi. Biz daha çox istəyirdik".
M.Qurbanov matçın son dəqiqələrində yan-xətt hakiminin autdan ofsayd qeydə almasına da münasibət bildirib: "Təəccüblü gəldi. Ola bilər ki, qayda dəyişib, bizim xəbərimiz yoxdur. İlk dəfədir görürəm ki, bu səviyyədə autdan ofsayd verirlər. Mənim üçün təəccüblü və acınacaqlıdır. Autdan ofsayd qeydə alınır. Çox danışmaq olar. Məncə, baş hakim məsuliyyəti öz üzərinə götürə bilərdi. Ola bilər ki, yan xətt hakimi səhv edir. Amma İnqilab illərdir ki, hakimlik edir".