top of page

"Bu hakimin olduğu oyunları həmişə uduzuruq"


“Oyunun ağır keçəcəyini əvvəldən bilirdik. Qarşılaşmadan öncə də bunu futbolçulara da söyləmişdim. 90 dəqiqə də gözləntilərimizi təsdiqlədi”.

90plus.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 32-ci turunda “Sumqayıt”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.


Mütəxəssis qeyd edib ki, bu cür matçların taleyini 1 qol həll edir: “Komanda mübarizə apardı. Qol vurmaq üçün şanslarımız oldu. Lakin dəyərləndirə bilmədik. Bu fəsildə, saat 4-də oynamaq çətindir. Qəbələdə hava bir qədər boğucu olur. Hiss olunur ki, komanda tam gücünü meydanda qoya bilmir. Buna baxmayarq, yaxşı oynadıq. Bu cür oyunların taleyini 1 qol həll edir. Bu gün də həmin qolu rəqib vurdu. Elə oldu ki, “Sumqayıt” real olaraq 1 dəfə qapımıza yaxınlaşdı, onda da fərqlənməyi bacardı. Təəssüf ki, Gəncədən gələn azarkeşləri sevindirə bilmədik. Uğurlu seriyamız qırıldı. Amma unutmaq olmaz ki, “Kəpəz” yeni formalaşmış komandadır. Məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək çətindir. Bu gün xoşbəxtlik “Sumqayıt” tərəfdə idi”.

T.Əhmədov növbəti turlarda Qəbələdəki oyunların daha gec saatda başlamalı olduğunu bildirib: “Qəbələdəki oyunlar 18:00-a təyin edilsə, daha yaxşı olar. Çünki günorta isti olur. Bilirik ki, Qəbələ dəniz səviyyəsindən hündürdədir, oksigen çatışmazlığı var, oynamaq çətindir”.

Mütəxəssis komandasının Premyer Liqada qalacağına inanır: “Qorxacağımız bir şey yoxdu. Məqsəd Premyer Liqada qalmaqdır. Bunun üçün 1 qələbə də bəs edər. Sumqayıtda biz qalib gəlmişdik, bu gün 3 xalı onlar qazandılar. Elə hesab edək ki, səfərdə rəqib udub, bu gün isə biz”.

O, matçın baş hakimindən də söz açıb: “Tural Qurbanov 5, ya 6-cı dəfədir bizim oyunumuza təyinat alır. Gəncədəki “Sumqayıt”la oyunumuzu da o idarə etmişdi. Olmayan cəriməni vermişdi, eləcə də əleyhimizə xırda folları. Bu gün də həmin ssenari idi. Bu hakimdən razı qala bilmərəm. Sarı verilmir, tez-tez fit səsləndirir, tempi öldürür. Çox danışmayacağam. Amma bu hakimin olduğu oyunlarda məğlub oluruq”.

T.Əhmədov komandasının aparıcı üzvü Şaybunun ehtiyatda qalmasına da aydınlıq gətirib: “Srağagün Şaybu məşqdə zədələndi, sona qədər hazırlıq keçə bilmədi. Bu gün də tam hazır deyil. Ona görə risk etməmək qərarına gəldim. Əvəzində Sisseyə şans verdik. Onun çox yaxşı keyfiyyətləri var. Amma hiss olunur ki, hələ komandaya tam uyğunlaşmayıb”.

0 comments
bottom of page