"Bu kluba həm mənəvi, həm də karyera baxımından borclu olduğumu fikirləşirəm"


"Sabahkı oyun bizim üçün önəmli matçlardan biridir. Komanda olaraq bu görüşə tam hazırıq". 90plus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Qazaxıstanda "Kayrat"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin 4-cü tur oyunundan əvvəl mətbuat konfransında deyib. "Kayrat"ı ciddiyə almamaq üçün səbəb yoxdur. Onları özümüzə yaxşı rəqib sayırıq. Buraya uğurlu nəticə üçün gəlmişik". O, avrokuboklardakı məğlubiyyətsiz oyunlar seriyasına da toxunub: "Bu seriyaya görə komanda yoldaşlarıma və baş məşqçimə təşəkkür edirəm. Bunu qoruyub saxlamaq da işimizin bəhrəsidir. Hər zaman doğru olanı etməyə çalışırıq ki, bizə məğlubiyyət gətirməsin. Ona görə də bu prinsipdən əsla vaz keçməyəcəyik. Qələbələrimizin daha çox olmasına çalışacağıq. Amma futbolda hər bir nəticə olur. Əsas odur ki, məğlubiyyətə köklənməmişik. Daim uğur qazanmaq istəyirik". Qarayev Almatıdakı hava şəraitinin meydandakı mübarizələrinə təsir etməyəcəyini söyləyib: "Qrup oyunlarımızın təqvimi bəlli olanda buradakı havanı təqribən təxmin etmişdik. Bu amil bizi bir qədər rahatlaşdırır. Bu hava şəraitinə artıq hazır idik. Düşünürəm ki, oyunun tempində özünü göstərsə də, bizim istəyimizə və mübarizəmizə təsir etməyəcək". Ağdam klubunda 400-cü oyununu keçirən futbolçu buna görə sevincli olduğunu vurğulayıb: "İndiki rəqəmin az olduğunu hesab edirəm. Daha çox oyun keçirməli, "Qarabağ"da daha böyük pay sahibi olmalıyam. Bu kluba həm mənəvi, həm də karyera baxımından borclu olduğumu fikirləşirəm. Gücüm çatdığı qədər komandama kömək etməyə çalışacağam".

0 comments