Bugünkü çempionluğun önəmi – Avrokuboklar…

Bu gün 2020/21 mövsümü üçün Azərbaycan Premyer Liqasının qalibi müəyyənləşəcək.

90plus.az xəbər verir ki, sonuncu - 28-ci turun bağlanıç matçında əzəli rəqiblər “Neftçi” ilə “Qarabağ” üz-üzə gələcək. Oyun saat 20.30-da “Dalğa Arena”da başlanacaq. Hazırda “Qarabağ” 57 xalla birinci, “Neftçi” 56 xalla ikinci yeri tutur. Ona görə də paytaxt təmsilçisi çempionluq üçün mütləq qalib gəlməlidir, Ağdam klubuna isə heç-heçə də sərf edir.

Məlumdur ki, Premyer Liqamızda son 7 il “Qarabağ”ın mütləq hökmranlığı ilə keçir. 2013/14 mövsümündən başlayaraq qızıl medalları bir qayda olaraq Qurban Qurbanovun komandası qazanır. “Neftçi”yə gəlincə, komandanın sonuncu çempionluğu 2021/13 mövsümünə təsadüf edir. Ona görə də “ağ-qaralar” bugünkü əla fürsəti əldən qaçırmamağa çalışacaq. Yəni indi hər şey “Neftçi”nin özündən asılıdır: “Qarabağ”dan gücləsənsə qalib gəl və çempion ol. Yeri gəlmişkən, hazırda hər iki komandanın aktivində 8 çempionluq var. Ona görə də bu gün uğur qazanan komanda hamıdan çox – 9 dəfə dəfə Azərbaycan çempionu olan ilk klub kimi tarixə düşəcək. Bu mövsümkü çempionluq daha çox avrokuboklar baxımından böyük əhəmiyyət daşıyır. Məlumdur ki, 2021/22 mövsümündən başlayaraq Azərbaycanın üç klubu Avropa Liqasına buraxılmayacaq və UEFA-nın yeni yaratdığı, aşağı reytinqli komandaların Konfrans Liqasında oynayacaq. Bu mənada yalnız çempion olan komanda Çempionlar Liqasına düşməklə yanaşı həm də Avropa Liqasında oynamaq şansını saxlayacaq. Bəs, bu, hansı halda mümkündür? Azərbaycan çempionu üçün 3 turnir Azərbaycan Premyer Liqasının budəfəki qalibi yeni mövsümdə Çempionlar Liqasına birinci təsnifat mərhələsindən başlayacaq. Əgər bu mərhələdə komandamız uduzarsa, bu halda əvvəlkitək Avropa Liqasının deyil, Konfrans Liqasının ikinci mərhələsində oynayacaq.

Çempionumuz yalnız ÇL-də ikinci mərhələdə dayanacağı halda mübarizəni Avropa Liqasında davam etdirə biləcək (üçüncü mərhələdən). Bu halda komandamız bir mərhələ adlayıb Avropa Liqasının pley-offuna çıxsa və hətta orada uduzsa, onda avrokuboklarda mübarizəni başa vurmayacaq. Təmsilçimiz Konfrans Liqasının qrupunda oynamaq hüququ əldə edəcək. Yəni budəfəki Azərbaycan çempionluğunun avrokuboklarda iştirak baxımından əhəmiyyəti əvvəlki illərə nisbətən daha önəmlidir. Həm Avropa turnirinlərdə daha çox oynayırsan (3 turnirin hamisinda), həm də UEFA-dan daha çox gəlir qazanmaq imkanı əldə edirsən. Amma qeyd etdiyimiz kimi, bunun üçün ən azı Avropa Liqasının pley-off mərhələsinə qədər gəlmək şərtdir. Hərçənd ən ideal variant ÇL-in qrupu, bu, baş verməsə Avroliqanın qrupu olar…

Qeyd edək ki, hazırda UEFA-da “Qarabağ” ən reytinqli klubumuzdur. Bu, Ağdam klubunun dalbadal 7 il Avropa kuboklarında qrupa düşməsi sayəsində mümkün olub. Ona görə də Ağdam təmsilçisi çempion olsa, ÇL-in birinci mərhələsində nisbətən güclü klubların yer aldığı “səpələnmişlər” səbətində yer alacaq və reytinqi aşağı olan komanda ilə qarşılaşacaq. Bu, “Qarabağ”a ÇL-də daha da irəli getmək imkanı verir. “Neftçi”nin reytinqi isə aşağıdır və “ağ-qaralar” çempion olarsa, bu halda ÇL-in birinci mərhələsində “səpələnməmişlər” səpətində yer almaqla daha güclü rəqiblə qarşılaşacaq.

Beləliklə, göründüyü kimi budəfəki çempionluğun əhəmiyyəti əvvəlki illərdən daha önəmlidir. Birinciliyə kimin layiq olduğunu isə bu gün axşam keçiriləcək oyun göstərəcək.

0 comments