Cüdoçumuz finala yüksəldi!


Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə finala yüksəlib. 90plus.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Nadav Zuratı (İsrail) məğlub edib. 29 yaşlı cüdoçu 1/4 finalda Yersultan Muzapparova (Qazaxıstan) qalib gəlib. Mehdiyev yarımfinalda Erlan Şerovu (Qırğızıstan) üstələyib və qızıl medal uğrunda qarşılaşmada Nemanya Maydova (Serbiya) rəqib olub. Eyni çəkidəki Rüfət İsmayılov 1/16 finalda Uşangi Margianiyə (Gürcüstan) yenilib. 100 kq-da yarışan Zelim Kotsoyev 1/8 finalda Xanqal Adbatarı (Monqolustan), Elmar Qasımov isə Robert Florentinonu (Dominikan Respublikası) məyus edib. Kotsoyev 1/4 finalda Qasımovu məğlubiyyətə uğratsa da, yarımfinalda İlya Sulamanidzenin (Gürcüstan) müqavimətini qıra bilməyib. O, bürünc medal görüşündə Onise Saneblidze (Gürcüstan) ilə üz-üzə gələcək. Qasımov isə təsəlliverici görüşdə Eduard Serbana (Rumıniya) uduzub. Nəhayət, 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda Onise Buqadzeyə (Gürcüstan) məğlub olub. Qeyd edək ki, Böyük Dəbilqənin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.

0 comments