Cavid Hüseynov: "Uğur bizim tərəfimizdə idi"

"Son dəqiqələrdə qapımıza penalti təyin olundu. Düşünürəm ki, bu gün uğur bizim tərəfimizdə idi".

90plus.az xəbər verir ki, bunu "Cəbrayıl" klubunun prezidenti və baş məşqçisi Cavid Hüseynov "Xan-Lənkəran"a 1:0 hesabı ilə qalib gəldikləri Region Liqasının final oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

34 yaşlı mütəxəssis rəqibin güclü komanda olduğunu bildirib: "Xüsusilə hücum xəttində sürətli və fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Əsas tapşırıq oyun nizam-intizamını qorumaq idi. Çünki matçın 90 və ya 120 dəqiqə davam edəcəyini bilmirdik".


Hüseynov hələlik UEFA Region Kuboku barədə düşünmədiklərini söyləyib: "İndi nəsə danışmaq çox tezdir. Çünki planlar bəlli deyil. Sadəcə, onu bilirəm ki, rəqibimiz Belarus komandası olacaq".


"Xan-Lənkəran"ın baş məşqçisi İbrahim Uzunca isə meydanda yüksək səviyyəli oyun getdiyini vurğulayıb: "Azarkeşlərin də böyük dəstəyi ilə finala yaraşan qarşılaşma oldu. Ümumi götürsək, üstünlük bizdə idi. Rəqibi təbrik edirəm. Amma epizodları dəyərləndirə bilsəydik, hər şey fərqli ola bilərdi. Son dəqiqələrdə penaltini qola çevirə bilmədik. Bu isə onu göstərir ki, favoritlər hər zaman qələbə qazanmır".

0 comments