Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç qolf meydançası, otellər və digər obyektləri olan böyük kompleks tikmək məqsədi ilə Monteneqronun sahillərində məşhur yay kurortu olan Budvada böyük ərazi almaq niyyətindədir.
90plus.az xəbər verir ki, Monteneqronun “Vijesti” qəzeti belə iddia ilə çıxış edib.
Nəşrin yazdığına görə, serb tennis çempionunun bu layihəsi Birləşmiş Ərəb Əmirliklərinin investisiya fondunun dəstəyi ilə reallaşacaq. Layihənin ümumi dəyəri 300 milyon avrodan çox olacaq.
“Podqoritsa” qəzetinin yazdığına görə isə, Cokoviç yanvarın sonunda Budvanın fəxri vətəndaşı adı ilə təltif edilərkən bu şəhərə baş çəkib və əraziyə baxış keçirib, idarəçilər, hüquq ekspertləri ilə bir neçə görüş keçirib. O, Adriatik dənizinin həmin hissəsində ilk belə kompleks olan "Jaz Beach" yaxınlığında 18 "yuva"lı qolf meydançası tikdirəcək.