top of page

”Daim "Kəpəz"i düşünsünlər” Adil Şükürov azarkeşlərə səslənir


“Kəpəz”in baş məşqçisi Adil Şükürov klubun media xidmətinə klubun mövsümün 1-ci yarısındakı çıxışı və hazırkı durumu barədə  açıqlama verib.


90plus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis komandası haqqında ümidli danışıb:


“Ümumi baxanda komandamız yaxşı oyunlar keçirib. Bəzən həmin oyunlarda sərfəli nəticə qazana bilməmişik. Komandanın oyunu ümidvericidir. Hədəfimiz heyəti bir qədər də gücləndirərək, turnir cədvəlində daha yüksək yerlərə qalxmaqdır. Bəzən bəxtsizlik, bəzən də oyun üslubundakı çatışmazlıqlar uğursuz nəticələrə gətirib çıxarıb. Qısa müddətdə komandanın fiziki durumunu yüksəltməyə və texniki-taktiki baxımdan inkişafına nail olmağa çalışacağıq. Çünki əvvəlki dönəmlərdən fərqli olaraq, budəfəki qış fasiləsi qısadır. Bu qısa müddətdə heyəti formalaşdırmalıyıq. Bu da gərgin iş tələb edir. Çalışacağıq ki, 2 yoxlama oyunu keçirək. Bəzi məqamları futbolçulara daha yaxşı aşılamağa çalışacağıq. Vaxtımız azdır. Bu az vaxtdan maksimum yaxşı istifadə etməliyik” - deyə A.Şükürov əlavə edib.


O, bir neçə gün əvvəl “Səbail”dən transfer etdikləri hücumçu Amil Yunanova böyük ümidlər bəslədiklərini əlavə edib: “Amil Yunanovu “Zirə”də işlədiyim dönəmdən izləyirdim. Həmişə bəyəndiyim futbolçu olub. “Sumqayıt”ın heyətində Azərbaycan çempionatının bombardiri də olub. Komandamıza kömək edə biləcək futbolçu olduğunu düşünürəm. Bizdə daha çox oyun şansı qazanaraq əvvəlki formasını bərpa edəcəyinə inanıram. Məncə, Amilin komandamıza faydası böyük olacaq”.


Mütəxəssis sonda azarkeşlərə də səslənib: "Azarkeşlərdən istəyim odur ki, daim "Kəpəz"i düşünsünlər, "Kəpəz"in uğur qazanması üçün onların üzərinə düşən nə varsa, əllərindən gəldiyi qədər etsinlər. Azarkeşlərin də dəstəyi ilə “Kəpəz”i Premyer Liqada saxlamaq üçün bütün gücümüzü səfərbər edəcəyik".


Qeyd: "Kəpəz" Premyer Liqada keçirdiyi 18 turdan sonra 14 xal toplayıb və hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.

0 comments
bottom of page