De Byazi: "Emreli və Krivotsyuk yeni təcrübələr üçün çox həvəslidir"


"Klubu, xüsusilə də ölkəni dəyişəndə müəyyən çətinliklər olur. Buraya hava şəraiti, yemək və həyat vərdişləri, həmçinin taktiki aspektlər daxildir. Emreli və Krivotsyukun yeni komandalarında yaxşı işlədiklərini və həvəsli olduqlarını gördüm". 90plus.az xəbər verir ki, bu fikirləri "Report" saytına açıqlamasında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi yığma üzvləri - Mahir Emreli və Anton Krivotsyukun, müvafiq olaraq, Polşanın "Legiya" və "Visla" (Plotsk) klublarındakı vəziyyəti barədə danışarkən deyib. Həftənin əvvəlində sözügedən futbolçuların oyunlarını izləmək üçün Polşaya yollanan italiyalı mütəxəssis hər iki oyunçu ilə görüşdüyünü bildirib: "Onlarla söhbət etdim. Yeni təcrübələr üçün çox həvəslidirlər. Bu, futbolçunun böyüməsi, inkişafı üçün önəmlidir. Ümid edirəm ki, bu təcrübə onlara milli komandada oynamaq üçün daha çox motivasiya və özgüvən verəcək". Emrelinin son vaxtlar "Legiya"da istənilən oyunu göstərə bilməməsinə toxunan 65 yaşlı mütəxəssis hücumçunun heç bir probleminin olmadığını vurğulayıb: "Sadəcə, komandanın hücum xəttinə tam uyğunlaşmaq üçün bir az zamana ehtiyacı var". "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərovun Türkiyənin "Bursaspor" klubuna keçidi ilə bağlı da danışan De Byazi onun seçiminə qarışmaq istəmədiyini deyib: "Bu, onun şəxsi qərarıdır Mən belə şeylərə qarışmıram. Ona seçiminə müdaxilə etməmək şərtilə məsləhət verə bilərəm". Təcrübəli mütəxəssis adının Polşa və Ukrayna yığmaları ilə hallanmasına da münasibət bildirib: "3 il əvvəl Polşa Futbol Assosiasiyasının prezidenti Zbiqnev Bonek mənimlə əlaqə saxladı. Amma yekunda polşalı mütəxəssisi seçdi. Ukrayna haqqında isə məlumatım yoxdur, indi Azərbaycandayam və burada xoşbəxtəm. Yalnız qarşıdakı vacib oyunlarımızı düşünürəm. Burada çox işimiz var".


Report

0 comments