"Deməzdim ki, Ələsgərovun gedişi bizim işimizi asanlaşdıracaq"


"Fikrimcə, bizi çox çətin oyun gözləyir. Bu, pley-off mərhələsidir. Burada adi oyun olmur. Evdə çox yaxşı mübarizə aparan komandaya qarşı oynayacağıq. Ona görə də işimiz asan olmayacaq".

90plus.az xəbər verir ki, bu sözləri İsrailin "Makkabi" (Hayfa) komandasının baş məşqçisi Barak Baxar Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib. "Neftçi "Dinamo" ilə matçın favoriti idilər. Buna görə də mərhələni keçdilər. Nəticə bizim üçün sürpriz olmadı. Nəzərə alsaq ki, həmin görüşlər "Neftçi" üçün ilk matçlar idi. Bu gün komanda daha yaxşı vəziyyətdədir". Baxar Namik Ələskərovun "Neftçi"dən gedişini özləri üçün üstünlük saymadığını söyləyib: "Deməzdim ki, bu amil bizim işimizi asanlaşdıracaq. "Neftçi" özü güclü kollektivdir. Biz bir oyunçuya deyil, bütün kollektivə qarşı hazırlaşırıq". Onun sözlərinə görə, Bakı klubunu analiz etmək üçün kifayət qədər vaxtları olub: "Sabahkı görüşə tam hazırıq. "Neftçi"nin heyətində həm istedadlı, həm də liderlik keyfiyyətlərinə malik futbolçular var. Bu da rəqibi daha güclü edir". Qeyd edək ki, avqustun 19-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Makkabi" (Hayfa) görüşü saat 21:00-da başlayacaq.

0 comments