top of page

“Dərinliyinə varmayacağam…” Rəşad Sadıqov


Misli Premyer Liqasının 33-cü turunda "Turan Tovuz - Zirə (1:2) görüşündən sonra mətbuat konfransı keçirilib.


90plus.az xəbər verir ki, hər iki baş məşqçi oyunla bağlı danışıblar:


"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov:

"Meydanda böyük savaş getdi. Hər iki komanda istəkli idi. İlk yarıda fərqi artıra bilərdik. İkinci hissədə rəqib təzyiqi artırdı, növbəti dəqiqələrdə isə oyunu bərabərləşdirdi. Hər iki komanda qələbə qazana bilərdi. Bərabərlik də ədalətli nəticə olardı. Futbolçularımı təbrik edirəm. Səfərdə xarakter göstərdilər. Çox vacib olan 3 xal qazandıq".


- Sizcə, Premyer Liqa klublarının baş məşqçiləri niyə bir-birinə atmacalar atır? sualına cavabı:


“Məsələnin dərinliyinə varmayacağam. Hakimlikdən çox danışmaq istəmirəm. Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır. Baş məşqçilərin fikirlərini oxumamışam. Çalışıram ki, mətbuatdan uzaq olum”.


"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov:

“Üzücü məğlubiyət oldu. 90 dəqiqə üstün oynadıq. Həm birinci, həm də ikinci hissədə fərdi səhvlərdən rəqib önə keçdi. Çoxlu qol imkanlarımız oldu. Uduzduğumuz son 3 oyunu götürsək, heç birində rəqib oyun baxımından bizdən üstün olmayıb. Bərabər mübarizə olsa da, üstünlük rəqibdə olmayıb.

Fərdi keyfiyyətlər öz sözünü dedi. Çempionatın sonudur. Oyunlar stresli keçir. Son oyunlarda aldığımız qırmızı vərəqələr bizi pis vəziyyətə qoyur. Bunlar olmamalıdır. Görünür ki, futbolçular bu yükün altında səhv qərarlar verirlər. Bu il qarşımıza qoyulan məqsəd möhkəmlənmək, hər bir rəqibə qarşı döyüşkən, çəkinmədən futbol oynamaq, bacardığımız qədər yuxarı pillələrdə olmaq idi. 4-5 tur qalmış iddiamız davam edirdi. “Sumqayıt” ilə oyundan sonra şansımız çox azaldı. Amma bəlkə də o oyunda itkilərimiz olmasaydı, heyətimiz tam olsaydı, sona qədər mübarizənin içində olardıq. Səbrli olmalıyıq. Oyundan sonra danışmaq asandır".


“Klub olaraq bir yola çıxmışıq. Bölgələrdə çalışmaq asan deyil, təzyiq çoxdur. Bunun öhdəsindən gəlmək lazımdır. Komanda 9-10 oyun məğlub olmayanda necə yaxşı idisə, məğlub olanda da bu iradlar olacaq. Çempionatın son oyunlarında maksimum xal qazanmağa çalışacağıq ki, ən az 1 pillə irəli qalxaq. Bu da bizim üçün motivasiyadır. Bu gün futbolçular istədiyimiz futbolu sərgiləməyə çalışırlar. Bəzi mövqelər var ki, ilboyu çətinlik çəkirdik. Ümumən qarşımıza qoyulan məqsədlərdən biri ötən mövsümdən daha inamlı, daha istəkli, daha mübarizəli, heç bir rəqibdən çəkinməyən bir komanda olmaq idi. Bu gün heç kim deyə bilməz ki, hansısa rəqibdən çəkinmişik. Fərdi səhvlər bu il bizə baha başa gəldi. Rəhbərliyə verdiyim sözün arxasındayam”.

0 comments
bottom of page