top of page

Elmar Baxşıyev: "Mövsümü istədiyimiz kimi tamamladıq"

"Oyun çox dinamik alındı. Cari mövsümdə son matçımız olsa da, komandalar meydanda məzmunlu oyun nümayiş etdirdilər. Futbolçular oyunu çirkinləşdirməyə meylli deyildilər. Açıq futbol getdi. Düşünürəm ki, hər iki komandaya alqış düşür. Çoxlu sayda qol epizodları yaratdıq. Sonda qalib də gələ bilərdik. Komandam verilən taşırıqları yerinə yetirməyə çalışdı".

90plus.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın sonuncu - XXVIII tur oyunundan sonra mətbuat konfransında deyib.


42 yaşlı mütəxəssis mövsümü istədikləri kimi tamamladıqlarını və turnir cədvəlində layiqli yer tutduqlarını bildirib: "Daha üst pillədə ola bilərdik. Amma ümumi götürəndə, çempionatın bizim üçün necə ağır keçdiyini dəyərləndirsək, avrokuboklara vəsiqə qazanmağımızdan məmnunuq. İnanıram ki, bu heyəti qoruyub saxlayacağıq. Daha da güclənmək mütləqdir".

Baxşıyev heyətdəki mümkün dəyişikliklərə də toxunub: "Nicat Mehbalıyevin durumu məlum deyil. Çünki "Sabah" klubuna məxsusdur. Onun məsələsi həllini tapdıqdan sonra qapıçı transferi edib-etməyəcəyimizə aydınlıq gələcək. Amma Kristof Atanqana da gələn il bizimlə olacaq. Onunla əməkdaşlıqda maraqlıyıq. Urfan Abbasov sabah əməliyyat olunacaq. Onun yerini doldurmaq vacibdir. 1-2 mövqe var ki, ora da oyunçu alınmalıdır. Özünüz də görürsünüz ki, sırf "9" nömrəmiz yoxdur. Bir oyunda Ülvi İsgəndərov, birində Emin Səfərov, digərlərlərində Rafael Utziq oynayır. UEFA Konfrans Liqasında layiqli çıxış etmək istəyiriksə, bəzi mövqeləri gücləndirmək lazımdır".

Baş məşqçi hələlik avrokuboklar barədə düşünmədiklərini söyləyib: "Əvvəlcə komandanı istirahətə buraxıb, heyəti komplektləşdirməliyik. Bundan sonra iddialı olmaq barədə danışmaq olar".

0 comments
bottom of page