top of page

Erməni Azərbaycan boksçusu ilə döyüşə çıxmadı

Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turniri davam edir.


90plus.az Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 16 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 3 üzvü mübarizəyə qoşulub.


Komandamızın heyətində Məsud Yusifzadə (51 kq) döyüş keçirmədən yarımfinala yüksəlib. Buna 1/4 finalda rəqibi olan ermənistanlı Armen Quşçiyanın (Ermənistan) görüşdən imtinası və rinqə çıxmaması səbəb olub. Yusifzadə finala gedən yolda macarıstanlı İştvan Qerzennı ilə üz-üzə gələcək. Bu döyüş noyabrın 12-də keçiriləcək.


Millinin uğurlu seriyasını Ümid Rüstəmov (57 kq) da davam etdirib. Təcrübəli boksçumuz 1/4 final mərhələsi çərçivəsində Tirzoman Eysebyu (Rumıniya) ilə qarşılaşıb və döyüşdən qalib ayrılıb. O, noyabrın 12-də keçiriləcək yarımfinalda Şon Persellə qüvvəsini sınayacaq.


75 kq çəki dərəcəsində mübarizə aparan Mirşərif Kazımzadə (75 kq) isə Bartoş Qolebyevski (Polşa) ilə qarşılaşıb. Rəqib qələbə qazandığından boksçumuz yarışla vidalaşıb.


Qeyd edək ki, yarışın ilk günündə Eldar Quliyev (86 kq) də qələbə qazanıb. Turnirdə final döyüşləri noyabrın 13-də olacaq.



0 comments
bottom of page