top of page

“Futbolçulardan üzr istədim. İlk hissədə etdiyim səhvlərə görə” Şahin Diniyev


"Səbail"in baş məşqçisi Şahin Diniye "Araz-Naxçıvan"la oyundan (2:2) sonra mətbuat konfransında yenə maraqlı fikirlər səsləndirib.


90plus.az xəbər verir ki, Diniyev mübarizənin tam başabaş getdiyini vurğulayıb:


"Maraqlı, dinamik, gərgin oyun oldu. Son dəqiqəyə qədər həm siz, həm biz, həm futbol adamları maraqla izlədi. İki komanda da qələbə qazana bilərdi. İkinci hissə daha yaxşı oynadıq. Fasiləyə qədər bir xal qazandıq, fasilədən sonra iki xal itirdik. Fərdi səhvlər məni məyus edir. Sevindirən isə futbolçuların meydanda bir komanda şəklində olması idi. Düşünürəm ki, düzgün yoldayıq, sabit heyəti tapa bilsək, yaxşı nəticələr qazanacağıq. İrəli baxmalıyıq, növbəti oyuna hazırlaşacağıq" .


Mütəxəssis əksər oyunlarda "Səbail"in ikinci hissədə daha yaxşı performans göstərməsinin səbəbi ilə bağlı söyləyib: "İki məqam var: funksional hazırlıq və psixoloji hazırlıq. Funksional hazırlığımız 90 yox, 180 dəqiqəyə də çatar. Sadəcə komandanın bir müddət uğursuzluğa məruz qalması uşaqlarda psixoloji problem yaradır, onlarda uduzmaq qorxusu olur. Düşünürəm ki, qələbələr artdıqca bu da arxaya keçəcək".


Onun sözlərinə görə, komanda keçmişə qayıdanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparanlardan idi: "Artıq ortabab komandaya çevrilmişik. Mərhələ-mərhələ adlamalıyıq. Çempion olmaq, avrokuboklara getmək üçün uzun yol qət etmək lazımdır. 6 aydan bir çatışmazlıqları doldurmalıyıq. "Səbail" artıq qapazaltı komanda deyil. Düzdür, yerli oyunçu seçimlərimiz düzgün olmadı. Kimsə düşünür ki, bizim büdcəmiz çoxdur, düz deyil. Sponsordan şikayətlənmirik, istəmirik ki, hər şey anidən olsun. Bir mərhələni başlatmalıyıq. Yerli oyunçularda keyfiyyət çatışmazlığı var, reallıqdır. Amma onlar da bacardıqlarını edirlər. Azərbaycan futbolunu düşünməliyik. Yerli oyunçunun olması vacibdir. Bugünkü vəziyyət nə qədər çətin olsa da, ölkə futbolunu düşünməliyik. Yerli oyunçunu nəyəsə səbəb gətirmək düzgün olmazdı. Bu, düzgün deyil. Uşaqların keyfiyyətini daha da yaxşılaşdırmalıyıq".


O, "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırovun 2 xal itirdikləri barədə söylədiyi fikrə belə münasibət bildirib: "Bütün həmkarlarıma hörmət edirəm. Məşqçilər oyundan sonra emosiyalara qapılıb hansısa sözü deyə bilər. Amma hər şey görünür. Məşqçini başa düşürəm. Bəlkə də "Neftçi"ni udduqdan sonra 3 xal qazanmaq istəyirdilər. İkinci hissədə meydanda bir komanda var idi, o da "Səbail".

Səmimiyyətimə inanın, bizim komandada olan uşaqlar intellektual, səviyyəlidir. Futbolçulara nəsə deyirəm, anlayıram. Məşqçilik karyeramda ilk dəfə futbolçulardan üzr istədim. İlk hissədə etdiyim səhvlərə görə... Emosiyalı idim, nə üçün? Uşaqların potensiallarını bilirəm, daha yaxşı oynaya bilərlər. Onlar balansdan çıxırdılar. Uşaqlara fasilədə dedim ki, uduza bilərsiniz, amma futbol oynayın".


Ş.Diniyev deyib ki bu mövsüm yaxşı yerləri tutsalar, layihələri var: "Bir layihə də mən tərəfdən gələcək. Bizim ikinci komandamız olmalıdır. Əvəzedici heyətlə əsas komandanın arasında böyük uçurum var. Əlavə komanda lazımdır. Adı "Səbail" olmaya da bilər. Sponsordan bunu istəyəcəm. Bütün dünyada bu var. 21 yaşlı futbolçunu oynada bilmirəm. 1-2 ildən sonra o gənc olmayacaq. Hardasa bişməlidir. Bu gün "Neftçi"nin əvəzedici komandasından kimsə gəlib əsas komandada oynamayacaq. Çox çətindir.

 Bu gün bizdə akademiyada olan şərait heç komandada yoxdur. Ancaq bir meydançada 17, 18 komanda inkişaf edə bilməyəcək. Böyük iclasımız oldu, sponsorların bu haqda planı var. "ASCO Arena"nın ot örtüyü dəyişəcək, təbii olacaq. Bu əraziyə yaxın iki təbii örtüklü meydança istəyirik. Eyni zamanda Əhmədli tərəfdə yerimiz var, akademiyamız ora köçürüləcək. Bəli, planlarımız var, bunlar alınsa, klub yaranacaq. Bir meydançadan klub olmur. "Turan Tovuz"la biz süni örtüklü meydançada oynayırıq, bu da zədələrə səbəb olur".


O, bunları reallaşdırmağın alınıb-alınmayacağı ilə bağlı söyləyib:  "Bəli, planlar var. İşlərə start veriləcək. Ancaq hər şey nəticə ilə bağlıdır. Nəticə olmazsa, alınmayacaq. "6-lıq"da olsaq, yaxşı olar.

Sponsorlarımız mərhəmətlidir. Demirlər ki, dərhal yuxarı yerləri tut. Qarşımızda olan ilk hədəf "6-lıq"da olmaqdır. Bu mövsüm ortabab komandayıq, gələn il də avrokuboklar üçün oynaya bilərik". (Qol)

0 comments

コメント


bottom of page