top of page

“Futbolçularım çox məyusdurlar”

"Çox üzgünük. Futbolçularım daha da məyusdurlar. Qalib gəlmək üçün çox istəkli idilər".


90plus.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Belçikada "Gent"ə əsas vaxtda 0:1, penaltilər seriyasında isə 3:5 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.


51 yaşlı mütəxəssis komandasının meydanda 120 dəqiqə amansız mübarizə apardığını bildirib: "Buraya xeyli sayda azarkeşimiz gəlmişdi. Həm komandama, həm də fanatlarımıza təşəkkür edirəm. Təəssüf ki, penaltilər seriyasında uduzduq. Amma bizim geriyə yolumuz yoxdur. İrəliyə baxırıq. Daha yaxşı komanda formalaşdırmağa çalışacağıq".


O, müdafiəçi Elvin Cəfərquliyevin Belçika "Anderlext"inin maraq dairəsində olması ilə bağlı xəbərə aydınlıq gətirib: "Bir neçə oyunçumuzla maraqlanırlar. Fərqli çempionatlardan qeyri-rəsmi təkliflər alırıq. Elvinə rəsmi təklif gəlməyib, amma maraqlanırlar. Bu, məni sevindirir. Tam rəsmi olacağı halda bu barədə düşünə bilərik. Çünki o bazara girib yerli futbolçuları ölkə xaricinə çıxarmalıyıq".


Təcrübəli baş məşqçi hazırda İngiltərə "Sauthempton"una rəhbərlik edən sabiq köməkçisi Ruben Sellesin onunla bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Onun fikirlərini eşitmək xoş oldu. Bir neçə il "Qarabağ"ın inkişafı üçün birlikdə çalışmışıq. Sellesin İngiltərədə işləməsi məni sevindirir. Ona uğurlar arzulayıram. Çox işgüzar insandır, daim axtarışdadır. Orada "Qarabağ"ın, Azərbaycan futbolunun adının hallanması mənim üçün xoş oldu".


Qurbanov futbolçulara müdafiədə oturmaq tapşırığının verilmədiyini söyləyib: "Ümumiyyətlə, son zamanlar bunun üzərinə çox düşmüşəm. İstənilən hesabda müdafiədə oturmağı düşünmürük. Sadəcə, 90 dəqiqə eyni tempdə oynaya bilmərik. "Gent" ciddi rəqibdir. Bəzən onlar bizi müdafiə olunmağa məcbur edirdi".

0 comments
bottom of page