top of page

Gəncə şəhər stadionunun təməli qoyuldu!


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə İdman Sarayının açılışında iştirak edib və Gəncə şəhər stadionunun təməlini də qoyub.


90plus.az Prezidentin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, dövlətimizin başçısına stadionda yaradılacaq şərait barədə məlumat verilib.


Bildirilib ki, 1964-cü ildə istismara verilən stadionun tribunaları yararsız vəziyyətə düşdüyündən fəaliyyəti qismən həyata keçirilirib. Stadionun ərazisində köməkçi məşq meydançaları və futbol akademiyası binası tikilib.


Azərbaycan Respublikası Prezidentinin 2023-cu il 6 oktyabr tarixli Sərəncamına əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Stadionun layihələndirmə işləri artıq başa çatdırılıb.



Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi 10 hektar olacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu 15 min 464 yerlikdir. Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur. Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.


0 comments
bottom of page