top of page

"İdman mediasına dəstək bizim əsas məsələmizdir"


Bakıda “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında keçirilən V Beynəlxalq Etnoidman Forumu martın 6-da işini davam etdirir.

90plus.az xəbər verir ki, forumun ikinci günündə “Etnoidman və onların effektiv həyata keçirilməsi üçün mümkün əlaqələr və media strategiyaları” mövzusunda panel iclası keçirilir.


Tədbirdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov, Qazaxıstanın Talim Televiziyasının istehsalat rəisi Yerlan Tazhen, Beynəlxalq İdman Təhlükəsizliyi Mərkəzinin (ICSS) baş icraçı direktoru Massimiliano Montanari, Türkiyənin “gzt.com” media platformasının nəşriyyat direktoru Doğukan Gezer və Rusiya Federasiyası Tatarıstan Respublikasının idman nazirinin müavini Halel Şahuddin iştirak ediblər.

MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov çıxışında idman sahəsində media subyektlərinə dəstəyin Agentlik üçün prioritet təşkil etdiyini diqqətə çatdırıb, etnoidmanın kütləviliyinin artırılması və təbliği üçün strateji planların hazırlanmasının vacibliyini qeyd edib. Bildirib ki, milli strategiyaların hazırlanmasından sonra beynəlxalq səviyyədə əməkdaşlıq edərək ənənəvi və rəqəmsal media sahəsində mühüm tədbirlər həyata keçirilə bilər: “Etnoidmanın əsasən gənclər arasında yayılması vacibdir. Ənənəvi idman növlərinin gələcək nəsillərə ötürülməsi üçün gənclərə yönəlmək, onlarda bu idman növlərinə marağı artırmaq vacibdir. Etnoidman xalqların bir-birini tanıması və qarşılıqlı əlaqələrin qurulması üçün çox böyük rol oynaya bilər”.

Qazaxıstanın Talim Televiziyasının istehsalat rəisi Yerlan Tazhen ölkəsində idmanın digər növləri ilə müqayisədə etnoidmanın mediada kifayət qədər təbliğ olunmadığını bildirib. Qazaxıstanda ənənəvi oyunların milli televiziya və digər yayım qurumlarında geniş təbliğinin önəminə toxunan qonaq ölkəsində son illərdə ənənəvi oyunların yayım vaxtının min saatdan çox olduğunu diqqətə çatdırıb. O, Qazaxıstanda ənənəvi idman növləri ilə bağlı tədbirlərin daha çox kəndlərdə keçirildiyini, bu idman növlərinin gənclər arasında təşviq və təbliğ edilməsinin vacibliyini vurğulayıb.

ICSS-in baş icraçı direktoru Massimiliano Montanari çıxışında bildirib ki, ənənəvi idman növlərinin təşviqi zamanı xalqların vacib dəyərlərinin insanlara çatdırılması ilə etnoidmana maraq artırıla bilər. Texnologiyanın sürətlə inkişaf etdiyini bildirən M.Montanari gənclərin real dünya ilə yanaşı, virtual aləmə də eyni səviyyədə diqqət yetirdiklərini vurğulayıb. Ənənəvi idman növlərinin tanıdılması üçün virtual oyunların və platformaların əhəmiyyətini yüksək qiymətləndirən M.Montanari etnoidmanın təşviqi baxımından bu vasitələrdən istifadənin böyük perspektivlər vəd etdiyini deyib.

0 comments
bottom of page