top of page

Juninyo: “4:2 hesablı qələbə hələ heç nə demək deyil"


"Qarabağ"ın futbolçusu Juninyo Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə cavab oyunu üçün təşkil edilən mətbuat konfransında şansları bərabəe hesab etdiyini deyib.


90plus.az xəbər verir ki, Juninyo  "Braqa"nın "Qarabağ"ı tanıdığını deyib:

"Məncə, "Qarabağ" ilk oyunda "Braqa"nı təəccübləndirmədi. Onlar bizim necə komanda olduğumuzu bilirdilər, bizi tanıyırdılar və bizdən bu cür oyunu gözləyirdilər. Yəqin ki, "Braqa"nın sabahkı oyuna görə strategiyası olacaq və bunu görəcəyik. Maraqlı oyun olacaq. Rəqibimiz çox güclü komandadır. Biz də matça ciddi hazırlaşmışıq. Şansları bərabər dəyərləndirirəm. İlk oyunda qazandığımız 4:2 hesablı qələbə heç nəyi dəyişmir".


Braziliyalı hücumçu Portuqaliya təmsilçisinin təhlükəli olduğunu bildirib: "Braqa"nın Avropa Liqasına Çempionlar Liqasından gəlməyi onların təhlükəli olduğunu göstərir. Öz azarkeşlərimizin qarşısında oynamağımız önəmlidir. "Braqa" yaxşı komandadır. Buna diqqət yetirməliyik. Ümid edirəm ki, maraqlı bir oyun olacaq". 


Juninyo "Qarabağ"a tez uyğunlaşdığını da qeyd edib: "Qarabağ" uzun illərdir avrokuboklarda iştirak edir, Avropa təcrübəsi var. Tez bir zamanda bura uyğunlaşdım. Bunda məşqçi amili, oturuşmuş komanda faktoru var. İnanıram ki, azarkeşləri sevindirəcəyik".


Komandadakı ab-havadan da söz açan futbolçu rəqibin oyunçularının və baş məşqçisinin qələbə qazanacaqları haqda açıqlamalar verməsinin "Qarabağ"a təsir etmədiyini deyib: "Futbolçularımız oyuna kökləniblər. Komandamızda ab-hava yaxşıdır. İnanmıram ki, bu cür açıqlamalar bizə hansısa təsir göstərsin. Portuqaliyadakı oyun həm "Braqa" üçün, həm də bizim üçün çətin oldu. İnamlı qələbə qazandıq. Hər şey qarşılaşmadan asılı olacaq. Ümid edirəm ki, oyun bizim xeyrimizə başa çatacaq".

O, "Qarabağ" və "Braqa"nın mərhələ adlamaq şanslarını da dəyərləndirib: "Şansları 50/50-yə dəyərləndirirəm. Bura Avropa Liqasıdır, burada hər nəticə gözləniləndir. İlk oyunda 4:2 hesablı qələbə hələ heç nə demək deyil".


"Braqa”nın Bakı ilə bağlı paylaşımı:


Qeyd: Sabah keçiriləcək "Qarabağ" - "Braqa" matçı saat 21:45-də başlayacaq.

0 comments

Comments


bottom of page