top of page

“Kadi, Mahir, Musa ilə heç bir danışığımız yoxdur” Qurban Qurbanov


Misli Premyer Liqasının 34-cü turunda “Zirə - Qarabağ" (0:1) matçından sonra mətbuat konfransından Qurban Qurbanov və Rəşad Sadıqov oyunu şərh edib.


90plus.az hər iki baş məşqçinin fikirlərini təqdim edir:

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov:

“Futbolçulara təşəkkür edirəm. Amansız mübarizə göstərdilər. İstəkli və aqressiv idilər. Yaxşı oyunlarımızdan birini keçirdik, rəqibimiz "Qarabağ" idi. Təəssüf ki, uduzduq. Çalışdıq, hesabı bərabərləşdirmək istədik. Alınmadı. Amma futbolçularımın bugünkü mübarizəsinə, istəyinə, əminliyinə görə fəxr etdim. Belə davam etməliyik”. Qarşıda finala bərabər iki oyunumuz var”.


Birinci hissədə hakimlərə etirazı barədə:

Hakimlik haqda danışmaq istəmirəm. Hər şey ortadadır. Bunun üçün xüsusi mütəxəssis olmağa ehtiyac yoxdur. Məsələ eyni epizodlarda fərqli qərarların olmasındadır. VAR-a çağıran Cavid Cəlilovun "Qəbələ" ilə 5-ci turda VAR-a baxıb, penalti verilmədiyi epizoda baxsınlar. "Qarabağ"la görüşdə Elvin Cəfərquliyevin Məqsəd İsayevə arxadan "podkat" etdiyi epizod necə? O epizodlarda susub, bu epizodda Cavid Cəlilov Əliyar Ağayevi penalti üçün çağırırsa... Bu günün söhbəti deyil. Mövsüm başlayandan belədir”.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov:

“Bu gün bərk komandaya qarşı oynayırdıq. Birəbir mübarizələri uduzmayan rəqibə qarşı oynadıq. Qələbə olsa da, asan deyildi. Futbolçularım çox əziyyət çəkdilər. Tam öz oyunumuzu istədiyimiz kimi göstərə bilmədik. Futbolçular qələbə üçün xeyli güc sərf etdilər. "Zirə"yə uğurlar arzulayıram”.


“Juninyo "Bayer"lə oyundan sonra sanki o qədər də hərəkətli görünmür. Bunu təkliflərlə əlaqələndirirsiniz?” sualına cavabı:

Hərəkətində geriləmə var. Məşqçi olaraq bunu başa düşürəm. Həm dediyiniz fikirlər, həm də oyunlara motivasiya etmək asan deyil. Nə qədər futbolçuları motivasiya etsək də, onlar özləri də özlərini motivasiya etməyi bacarmalıdırlar. Görünür, tam istədiyim kimi alınmır. Bəlkə də, komandaya tam uyğunlaşmayıb. Bizim rejimdə, məşq proseslərimizdə, hər oyuna yanaşmağımızda, ola bilər, tam dərk edə bilməyib. İnanın ki, hər şey yaxşılığa doğru gedir. Özü ilə də söhbətimiz olub. Gələn il daha yaxşı Juninyo görmək istəyirik. İnanıram ki, onunla birlikdə bacaracağıq ki, istədiyimiz Juninyo hər oyunda olsun”.


Komandaya gətirmək istədiyiniz oyunçularla danışıqlar barədə:

“Danışıqlar var. Amma yekunlaşdırılan yoxdur. Kadi, Mahir, Musa ilə heç bir danışığımız yoxdur”.


0 comments

Comments


bottom of page