top of page

Kaxaber Sxadadze: “Azarkeşlər çox gəlsə, Premyer Liqanın səviyyəsi artacaq”


Misli Premyer Liqası, 33-cü turun son oyunu - "Səbail 2 - 3 Qəbələ” matçından sonra mətbuat konfransı baş tutub.


90plus.az hər iki baş məşqçinin oyunla bağlı fikirlərini təqdim edir:

"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze:

"Azarkeşlər üçün maraqlı oyun oldu. Mübarizə və qollar gördük. Bu da inkişaf üçün yaxşıdır. Gənc uşaqlar bu səviyyədə sona qədər mübarizə apardılar. Futbolçularımı təbrik edirəm. İki debütantımız da var idi.


Sevinmək üçün xüsusi bir şey yoxdur. Biz sonuncu pillədəyik. Cavanlara görə sevinirəm ki, onlar özlərini meydanda hiss etdilər. Qələbəni də həmçinin. Ümidvaram ki, bu cür davam edəcəklər və qalan görüşlərdə özümüzü yaxşı tərəfdən göstərəcəyik. Onlar yaxşı məşq edirlər, hətta daha yaxşı oynaya bilərlər".


K.Sxadadze əvvəlki oyunlarda bugünkü kimi çıxış etməməklərinin səbəblərini də açıqlayıb: "Öncəki oyunlarda biz daha çox epizod yaradırdıq, nəinki bu gün. Komanda çox uduzurdu deyə, inanmsızlıq yaranırdı. Komanda sonuncu pillədədir. Mental hazırlıq çatışmırdı".


Mütəxəssis Azərbaycan çempionatının səviyyəsindən və oyunlardakı hakim qərarlarından danışıb: "Hakimlik haqda şərh verməyəcəm. Onlara hörmətlə yanaşıram. Birinci hissədə əsəbi idim, amma üzrxahlıq etdim. Azərbaycan çempionatında azarkeş çatışmır. Çox istəyərdim ki, onlar çox gəlsin. Çempionat azarkeşsiz maraqsızdır. Daha çox gələcəklər, Premyer Liqanın səviyyəsi də artacaq. Bölgələrdə azarkeş problemi yoxdur, Bakıda isə var”.


"Səbail"in baş məşqçisi Şahin Diniyev:

"Bəlkə də, bu mövsüm ən zəif oyunumuzu oynadıq. "Qəbələ" daha istəkli idi. Əslində, əskinə olmalı idi, şanslarımız qalmalı idi. Bu gün artıq avrokubok şansı yoxdur. Futbolda hər şey olur, qəbul etmək lazımdır. Yolumuza davam edəcəyik. "Qəbələ"ni təbrik edirəm. İstədiyimi isə ala bilmədim".


O, əsas məqsədlərinin "6-lıq"da qalmaq olduğunu deyib: "Stabilliyin olmaması bu yerə gətirib çıxardı. İndiki nəticəni uğurlu hesab edirik. Altılıqda qalsaq, məqsədimizə çatarıq. Avrokubok şansımız var idi. Məyus olduq. Ancaq məqsəd mövsümü 6-cı yerdə bitirməkdir. Gələn il avrokuboklara vəsiqə üçün oynaya bilərik. Biz lazımi oyunlarda özümüzü kökləyə bilmədik".


0 comments
bottom of page