top of page

Klublarımızın rəqibləri “pley-off”da uduzmadılar!



2022/23 mövsümü Avropa kuboklarında Azərbaycan klublarının rəqibləri olmuş komandalar qitəmiqyaslı yarışda mübarizəni davam etdirirlər.


90plus.az xəbər verir ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”a məğlub olmuş “Ferentsvaroş” (Macarıstan) hazırda Avropa Liqasının pley-off mərhələsində yarışır. Budapeşt təmsilçisi turnirin bu mərhələsinin ilk matçında dünən İrlandiyanın “Şemrok Rovers” komandasını qəbul edib. Stanislav Çerçesovun komandası “Qarabağ”a ağır məğlubiyyətin əvəzini sanki irlandlardan çıxıb. 4:0 hesabı ilə inamlı qələbə qazanan macarlar Avroliqanın qrupuna düşmək üçün yaxşı imkan qazanıblar. 


ÇL-in ikinci mərhəsində “Qarabağ”ın rəqibi olmuş “Sürix” də Avroliqanın pley-offundakı ilk görüşünü qələbə ilə başa vurub. İsveçrə təmsilçisi öz meydanında Şotlandiya “Harts”ından üstün olub - 2:1.

“Qarabağ”ın ÇL-in birinci mərhələsində rəqibi olmuş “Lex” (Polşa) isə Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündə “Düdelanj”ı (Lüksemburq) qəbul edib və 2:0 hesablı qələbə qazanıb.

Digər təmsilçilərimizdən “Neftçi”ni KL-in üçüncü mərhələsindən uzaqlaşdıran “Rapid” (Vyana) pley-offda ilk matçını Lixtenşteyndə yerli “Vaduts”a qarşı keçirib. Oyun 1:1 hesabı ilə başa çatıb.

İkinci mərhələdə “Zirə”nin rəqibi olmuş “Makkabi” (Tel-Əviv, İsrail) pley-offda öz meydanındakı ilk matçında Fransa “Nitsa”sına qalib gəlib - 1:0.

Digər təmsilçimiz “Qəbələ”dən üstün olan Macarıstanın “Ferehvar” komandası isə Almaniyada “Köln”ə 2:1 hesabı ilə qalib gəlib.

0 comments
bottom of page