top of page

"Lamiyə babasına mütləq çempion olacağına söz vermişdi. Lakin babası bunu görə bilmədi"


19 yaşlı Lamiyə idmana babasının sayəsində gəlib. gəlib. İdmançının atası Rövşən Vəliyev bildirib ki, qızı ilk dəfə voleybolla məşğul olmağa başlayıb: “Babası voleybola baxmağı xoşlayırdı və Lamiyəni idmana yazdırmağı qərara aldı. Orada Şahin müəllim var idi, deyirdi ki, Lamiyə yaxşı idmançıdır, hər şeyi edir, amma digər uşaqların oyununa görə çox əsəbiləşir. Bildirdi ki, ona təklik lazımdır. Bizə dedi ki, onun yaxşı qaçmağı var və atletikaya yönəldə bilərsiz. Mən də orada idim. Qızım yanıma gələndə soruşdum ki, atletikaya yazdırsam, necə olar, orada bacararsan? Dedi ki, mən əsəbiləşirəm və tək idman növü yaxşı olar. Mənə bildirdi ki, orada öz-özümə cavabdeh olacağamsa, hər şey qaydasında gedəcək. Bir az işlərim oldu və onu atletikaya aparmağı gecikdirdim. Bir gün gəldim gördüm ki, artıq babası onu atletikaya aparıb və orada hazırkı məşqçisi Tofiq müəllimlə (Tofiq Əliyev) rastlaşıb. Tofiq müəllim Lamiyəyə baxdıqdan sonra onu dərhal hazırlığa götürüb və babası “sizə nə qədər ödəniş edəcəyik?” deyəndə, Tofiq müəllim “bu uşağa görə ödəniş almaq günahdır” deyib. Beləcə Lamiyənin karyerası başladı”. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da qardaşı qızı Lamiyə Vəliyevanın çıxışı ilə bağlı təəssüratlarını saytımızla bölüşüb: “Lamiyə gümüş və qızıl medallarla bütün Azərbaycanı sevindirdi, bayrağımızı zirvələrə qaldırdı. Əldə etdiyi bu zəfər, yüksək nəticə onun bacarığının, hazırlığının, məqsədyönlülüyünün və iradəsinin açıq sübutudur. Bu, həm də yetişməkdə olan gəncliyimiz üçün bir örnəkdir. Mən ikiqat sevinirəm, ikiqat qürurlanıram. Lamiyə təkcə ailəsinə, doğmalarına, qohumlarına və yaxınlarına deyil, Vətəninə, xalqına, milyonlarla soydaşımıza sevinc bəxş etdi. Lamiyə gözümüzün önündə böyüdü, şən, gülərüz, bir az da ərköyün qızdır. Düzü, o vaxtlar heç kim onun idman həyatına addım atacağını, peşəkar idmana qoşulacağını ağlına belə gətirmirdi. Atası idman cüssəli, fiziki cəhətdən möhkəm olsa da, peşəkar idmanla məşğul olmamışdı. Lamiyənin 12-13 yaşı olarkən qaçış idmanına həvəsini və potensialını ilk olaraq babası Şahbaz əmi hiss etmiş və onu ruhlandırmışdı. Qardaşım Rövşən Lamiyəyə sonradan dəstək oldu, bir ata kimi üzərinə düşəni etdi, mütəxəssislərin, xüsusən də məşqçi Tofiq Əliyevin rəyini öyrəndi. Lamiyə isə öz potensialını büruzə verdi. Gözəl qız gözlərində olan zəifliyə görə para-atletika yarışlarında mübarizə aparmağa başlayıb. Ən təsirlisi odur ki, Lamiyə babasına mütləq çempion olacağına, himnimizi beynəlxalq arenada səsləndirəcəyinə, üçrəngli bayrağımızı zirvələrdə dalğalandıracağına söz vermişdi. Lamiyə sözünü tutsa da, çox təəssüf ki, babası onun parlaq qələbəsini görə bilmədi. Kaş ki, bu möhtəşəm zəfər 6 ay əvvəl qazanılsa idi. Buna baxmayaraq, nəvəsini hər zaman qələbə qazanacağına ruhlandıran Şahbaz əminin də Lamiyənin medallarına və ən əsası çempionluğuna görə ruhunun şad olduğuna inanıram".


Mənbə : "Qafqazinfo"

0 comments
bottom of page