top of page

“Mahir “Dinamo”da bombardirlərdən biri olacaq” – Mario Tokiç


Xorvatiyalı mütəxəssis Mario Tokiç Mahir Emrelinin “Dinamo”ya (Zaqreb) transferinə münasibət bildirib.

M.Tokiç 2019-cu ildə Azərbaycan millisində Nikola Yurçeviçin köməkçisi işləyib. Hazırda isə o, eyni vəzifəni Oman millisində icra edir.


90plus.az xəbər verir ki, transferlə bağlı sportske.jutarnji.hr saytına danışan Tokiç deyib:

“Mahir çox mədəni, tərbiyəli oğlandır. O, ingiliscə əla danışır. Düşünürəm ki, onun “Dinamo”ya uyğunlaşması çox zaman almayacaq. Hesab edirəm ki, bu, “Dinamo”nun uğurlu transferidir. O, Azərbaycanın ən yaxşı komandası olan “Qarabağ”da çıxış edib. Pressinq etməyi xoşlayır. Çox vaxt cinahda oynasa da, hücumçu kimi də komandasına xeyri dəyir. Biz onu millidə bu mövqedə də sınadıq. “Dinamo”ya keçən hücumçu üçün müdafiə olunan komandalara qarşı necə oynamağı bilmək vacibdir. Çünki gəlin realist olaq. Xorvatiya Milli Liqasında bütün komandalar “Dinamo” ilə oyunda müdafiə futboluna üstünlük verirlər. Düşünürəm ki, Mahir “Dinamo”nun əsas bombardirlərindən olacaq. O, inanılmaz dərəcədə sürətli oyunçudur. Mən həmişə onun özünə demişəm ki, o, bu sürətindən 100 faiz istifadə etmir”.

M.Tokiçin fikrincə, Emreli avrokuboklarda da yeni komandasına kömək edəcək: “Qitə yarışlarında da “Dinamo” Mahiri sürətindən və texnikasından lazımınca faydalana bilər. Həm Mahir, həm “Dinamo” üçün deyə bilərəm ki, bu transfer uğurlu olacaq. Müsbət haldır ki, onun Avropada – “Legiya” klubunda təcrübəsi oldu. Azərbaycanlı futbolçular öz vətənlərində yaxşı qazanırlar. Ona görə də onlardan çoxu ölkəni tərk etmək barədə düşünmürlər. Onlara evdə yaxşıdır. Mahir isə irəli getmək üçün addım atdı. Çünki sübut etmək istədi ki, bir azərbaycanlı futbolçu da Avropada yaxşı uğur qazana bilər. O, Varşavada adaptasiya keçdi. İndi Mahirə həmişə əcnəbilərə münasibətdə qonaqpərvər olan Zaqrebdə daha rahat olacaq”.

Xatırladaq ki, M.Emreli dünən Xorvatiyanın ən güclü klubu sayılan “Dinamo” (Zaqreb) ilə 4.5 illik müqavilə bağlayıb.

0 comments
bottom of page