top of page

Qurban Qurbanov: “Deməli, yaxşı hazırlaşmamışıq, fikir başqa yerdədir” “Sumqayıt”ın məşqçisi: “Alnından öpdüm”


Ötən gün Misli Premyer Liqasının 32-ci turunda baş tutan “Sumqayıt - Qarabağ” (1-0) oyunundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və "Sumqayıt"ın məşqçisi Mübariz Orucov mətbuat konfransına qatılıblar.


90plus.az hər iki mütəxəssisin fikirlərini təqdim edir:


Qurban Qurbanov: “Sumqayıt"ı təbrik edirəm. Burada çox xoş təəssüratlar oldu. Bu cür gözəl şəhərin əla stadionu, yaxşı azarkeşləri var. Bu gün də Sumqayıt üçün yaxşı futbol ab-havası, əsl bayram oldu.

Pis oynamadıq. 90 dəqiqə ərzində sadəcə bir neçə dəfə əks-hücumlarda rəqib bizi tutdu. Bundan da yaxşı istifafə etdilər. Oyunda topa daha çox sahib olmaq, meydanda düzgün yerləşmək bizim üçün vacib idi. Bunu bacardıq. Sadəcə bu gün uğur "Sumqayıt"ın tərəfində idi. Yaxşı qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Bu cür stadionda belə oyunların keçirilməsini çox istəyərdik. Futbolçular bu cür ab-havada, belə stadionda daha həvəsli, istəkli olurlar. Azarkeşlər üçün maraqlı oyun oldu".

Qurbanov mövsümün sonu yaxınlaşdıqca futbolçularında motivasiyanın azaldığını qeyd edib:


“Ola bilər ki, futbolçularda mövsümün sonuna yaxın məsuliyyət və konsentrasiya aşağıdır. Görünür ki, aşağıdır. Danışırıq və çalışırıq ki, belə olmasın. Bu cür qol epizodlarından istifadə edə bilmiriksə, soyuqqanlı ola bilmiriksə, deməli, oyuna yaxşı hazırlaşmamışıq, fikir başqa yerdədir. "Sumqayıt" çox istəkli görünürdü. Əslində haqları idi. Həm futbolçular, həm də azarkeşlər çox istəkli oldular".


Mübariz Orucov: "Matç, atmosfer, azarkeşlər möhtəşəm idi. Fanatlara təşəkkür edirəm. Çağırış edirəm ki, bütün oyunlarda belə atmosfer yaratsınlar. Futbolçular da bu gün möhtəşəm oynadı. "Qarabağ"la matçda bu dönəmdə 3 xal qazanmaq vacib idi. "Qarabağ"a avrokuboklarda uğurlar arzulayıram. Həmişə Azərbaycanı layiqincə təmsil ediblər. Bundan sonra da onlara uğurlar arzulayıram.

“Xəyal haqda danışmaq istəyirdim. Debüt etdi, özü də "Qarabağ" kimi rəqiblə oyuna çıxmışdı. Oyundan sonra alnından öpdüm. Bəli, Orxan Sadıqlı da var idi. Amma qapıçı məşqçisi və Samir Abasovla da məsləhətləşdik ki, Xəyala şans verək. Özünü də doğrultdu. Xəyalı təbrik edirəm, debütünü möhtəşəm qələbə ilə qeyd etdi”.


Gündə bir neçə dəfə Samir Abasovla əlaqə saxlayırdıq. (Samir Abasov Batselonada təcrübədədir). O, bizə tapşırıqlarını verirdi. Düzdür, komandanı oyuna mən çıxarmışdım, amma bu Samir Abasovun komandasıdır, onun əziyyətidir. Həftəboyu danışmışıq, məsləhətləşmişik. İspaniyada olsa da, sanki bütün günü bizimlə idi.


“Futbolçular dərk edir ki, bundan sonra hər oyun finala bərabərdir. Bu gün həmin matça final ab-havasında çıxmışdıq. Geriyə yox yoxdur. Hər oyunun mahiyyəti eynidir”.


“Bu gün Avropanın ən güclü komandalarından birinə qarşı oynadıq. Futbolçulara oyundan qabaq dedim ki, avrokuboklarda oynamaq istəyiriksə, "Qarabağ" elə ən yaxşı rəqibdir. Bu dəqiqə onlar "böyük beşlik" komandalarından geri qalmır. "Qarabağ"la oynamağı bacarırıqsa, demək ki, avrokuboklarda da yaxşı çıxış edə bilərik. Bunu futbolçular dərk edirlər”.


0 comments
bottom of page