top of page

Qurban Qurbanov: ”Ürək yarası həmişə qalacaq”.


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"la (Fransa) evdə keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.


90plus.az xəbər verir ki, mütəxəssis oyundan öncə təşkil olunan mətbuat konfransında zədəli futbolçuların hazırkı durumu barədə də danışıb. O deyib: "Maksim Medvedev, Rahil Məmmədov və Kevin Medina zədəlidir. Bədavi Hüseynovun ümumi durumu isə pis deyil. Matça hazır olmaq ehtimalı çoxdur. Dünən də komanda ilə məşq edib. Onun durumuna bu gün bir daha baxacağıq. Qərar vermək üçün tam əmin olmalıyıq".

Qurbanov bildirib ki, “Qarabağ”ın Qarabağı təmsil etməsinin məsuliyyətini legionerlərə də aşılayırlar: "Biz həmişə futbolçularımıza hansı komandanı təmsil etdiyimizi xatırladırıq. Legionerlərə də bu barədə məlumat verilir. Artıq torpaqlarımız geri qayıdıb. Nə qədər torpaqlarımızın qayıtdığını desək də, ürək yarası həmişə qalacaq. Dünəndən şəhidlər barəsində oxuyuram. Onların arasında 2-3 yaşında övladı olanlar var. Çox ağırdır. Ancaq işimiz futboldur. İşimiz ağır olsa da, komandanı görüşə tam hazırlamalıyıq. Diqqətimizin oyunda olması çox da asan olmayacaq. Bunun üçün çalışacağıq".

Çalışdırıcı Fransa təmsilçisinin yaxşı müdafiə və hücum xəttinin olduğunu deyib: "Rəqib barədə çox danışmaq istəmirəm. “Nant”ı analiz etmişik. "Nant" qrupumuzda ən baxımlı futbol oynayan komandadır. Fərdi ustalığı yüksək futbolçuları var. Onlara qarşı ancaq yaxşı futbol oynamalıyıq. “Nant”dan çəkinməməliyik. Aqressiv futbol oynayırlar. Biz də bunu nəzərə alıb, rəqibin üzərinə getməli, hücumda aktiv olmalıyıq. İnanıram ki, futbolçularım bunu bacaracaqlar. Bəzi risklər almalıyıq. Rəqibin bütün futbolçuları yaxşı səviyyəyə malikdir. İlk dəfə rəqibin oyununa baxanda futbolçulara dedim ki, göstərdikləri oyuna görə daha çoxuna layiqdirlər. Keçən mövsüm Fransa Kubokunu qazanıblar. Rəqibin yaxşı müdafiə və hücum xətti var. Meydanda bir-birlərini çox yaxşı başa düşürlər və baxımlı futbol göstərirlər. Mövsümün əvvəlində hansısa çatışmazlıqları ola bilər.  Bu, özünü sığortalamaq deyil. Bütün komandalarda hansısa zəif nöqtələr olur. Məğlubiyyətlər bəzən yorğunluqla da bağlı ola bilər. Biz rotasiyaya əl ata bilirik istifadə edə bilirik. Amma böyük beşlik liqalarında belə imkanlar yoxdur”.

Qurbanov "Nant"ın futbolçusu Lüdovik Blassın oyununu fərqləndirib: "Nant"ın futbolçularının hamısını “açar oyunçu” sayıram. Amma 10 nömrəli futbolçu, Lüdovik Blass əla oyunçudur.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nant” qarşılaşması saat 20:45-də başlayacaq.

0 comments
bottom of page