top of page

Samir Abasov: “Qələbəni akademiyamızın sürücüsünə həsr edirəm”


Misli Premyer Liqasının 31-ci turunda Turan Tovuz- Sumqayıt (1-4) oyunundan sonra hər iki çalışdırıcı fikirlərini bölüşüb.


90plus.az Samir Abasov və Ayxan Abbasovun fikirlərindən əsas hissəni təqdim edir:

Samir Abasov: “İlk növbədə azarkeşlərimizi təbrik edirəm. Sağ olsunlar, var olsunlar, bacardıqları qədər bura gəldilər. Eləcə də gəlməyib dəstək olanlar, ürəkləri partlayanlar, matçın gedişini həyəcanla izləyənlər - hamısı sağ olsunlar. Bu qələbədə onların da payı var, bizi tək qoymadılar. Matçdan öncəki ajiotaj bizi öz yolumuzdan, öz oyunumuzdan çıxara bilərdi. Amma sağ olsun futbolçular, hər şeyi sakit qəbul elədik. Hamımız başa düşürdük ki, bu, futbolun bir hissəsidir və öz oyunumuzdan dönmədik.


Məndən soruşsanız ki, bu qələbəni kimə həsr edirsiniz, bizim akademiyamızın sürücüsü var, Yavər, o, ağır əməliyyat keçirib. Çox istərdim ki, bu qələbə onun üçün bir sevinc payı olsun. Allah ona şəfa versin. Tezliklə qayıdışını gözləyirik”.


4-cü qoldan sonra tovuzlu azarkeşlərin “Sumqayıt”ı alqışlaması barədə: “Bu, azarkeşlərin futbol baxımından necə bilikli olmasına bir işarədir. Yaxşı futbolu alqışladılar. Düşünmürəm ki, bu, “Turan Tovuz”a qarşıdır. Burada hər oyunda stadionun necə dolduğunu görmək çox xoşdur. İnşallah növbəti oyunlarda azarkeşlər “Turan Tovuz”u alqışlayarlar”.


Ayxan Abbasov: “Üzücü məğlubiyyət oldu. Evdə, öz azarkeşlərimiz qarşısında oynayırdıq. Buna görə də qalib gəlmək istəyirdik.

Mövsüm uzundur. Həm psixoloji, həm də fiziki cəhətdən hazır olmaq lazımdır. Bu gün göründü ki, futbolçular basqı altına düşəndə çətinlik çəkirlər. Böyümək üçün bu anları yaşamalıyıq. Son günlər hər kəs avrokuboklar haqda düşündü. Futbolçular uduzmaqdan qorxurdular. Hiss elədim bunu. Bu məğlubiyyətlər olmasa və bundan dərs çıxarmasaq, böyüməyəcəyik. Bunu hər kəs qəbul etməlidir. Biz bu komandanı yığanda da demişik ki, sona qədər mübarizə aparacağıq. İnanıram ki, düz yoldayıq”. 


Matçdan öncə yaradılan ajiotaj barədə: “Ajiotaj olacaq, çempionatın sonudur. Buna psixoloji hazır olmaq lazımdır. Mövsümün sonunda söz-söhbətlərin, gərginliyin olması normaldır. Komanda kimi buna hazır olmalıyıq. Bu söz-söhbətlərin bizə pis təsir etməsi gələcəyimiz üçün mənfi haldır. Bu yükün altına girmək lazımdır”. 



0 comments
bottom of page