top of page

Samir Abasov rəqibə verilən qırmızı vərəqədən razı qalmayıb!


“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bu cür oyunlarda rəqib azlıqda qaldıqdan sonra kənardan hər şey asan görünə bilər. Düşünürsən ki, üstünlük sənə keçir. Amma üstünlük olsa da, əsas olan ondan necə faydalanmaqdır”. 


90plus.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 6-cı turunda səfərdə “Zirə”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib. 

O, komandasının məğlubiyyətinin səbəbini belə şərh edib: “Bu tip qarşılaşmalarda neçə qol epizodu yarada bilərsən? Rəqib qapandığı üçün maksimum 2-3 qol epizodu yarada bilərsən. Onları qola çevirsən, hər şey yaxşı olar. Təəssüf ki, biz 2 dəfə fərqlənmək üçün şans əldə etsək də, onları dəyərləndirə bilmədik. Bu da ən azı səfərdən 1 xalla ayrılmağımıza mane oldu. İndi fikirləşirsən ki, kaş rəqib qırmızı vərəqə almazdı. Bəlkə onda fərqli oyun gedərdi”. 

S.Abasov qeyd edib ki, futbolçuları daha aqressiv çıxış etməli idilər: “Futbolçularım bu gün bacardıqlarını etdilər. Lakin daha aqressiv, daha ürəkli oynamalı idilər. Bu halda ən azından 1 xal qazana bilərdik. Hələ çempionatın başlanğıcıdır. Belə xal itkiləri olacaq. Yeni gələn transferlərə də bir qədər vaxt lazımdır. Ümumi götürdükdə pis oynamadıq”.  

“Sumqayıt”ın çalışdırıcısı hakimlik barədə sualı belə cavablandırıb: “Hakimlikdən danışmaq istəmirəm. Mənə verilən qırmızı vərəqədən sonrakı qərarı gözləyirəm. Aşağı-yuxarı məndən əvvəl bu mövsüm meydandan uzaqlaşdırılan məşqçilərdən bəlkə də daha yumşaq qırmızı vərəqə aldım. Məsələn, Murad Musayevə göstərilən qırmızı vərəqə. Mənim aldığım qırmızı vərəqə ilə bağlı qəbul olunacaq qərardan sonra danışacam”. 

Samir Abasov müdafiəçi Elvin Bədəlovun əvəzlənməsinə belə aydınlıq gətirib: “10 gün Elvinsiz məşq etmişdik. O müddətdə Kristianı heyətə cəlb etdik. Təəssüf ki, 1-2 məşqdən sonra soyuqladı. Təbii ki, Elvinin milliyə dəvət almasına klub olaraq sevinirik. Lakin onun millidə oynamaması ziyanınadır. Ritmdən düşür. Həmin məqam bugünkü matçda özünü göstərdi. Hələ görüşdən əvvəl Bədəlova şans verib-verməmək barədə düşünürdük. Əvəzlənməyinə gəldikdə, həmin vaxt artıq sırf hücumu gücləndirməliydik. İstəyirdik ki, Rövlan hücuma daha çox qoşulsun”.

0 comments

Comments


bottom of page