top of page

Şahmat üzrə Avropa çempionumuzun ürək sözləri


Yunanıstanın Rodos adasında qadın şahmatçıların Avropa çempionatında qızıl medal qazanan Ülviyyə Fətəliyeva Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına danışıb.


90plus.az çempion idmançımızın ürək sözlərini təqdim edir:


İnanın, sevincimi tam sözlə izah etməkdə çətinlik çəkirəm. Çox sevinirəm. Məşqlərin nəticəsini gördüyümüzə görə çox şadam. Qitə çempionatı zamanı mənə dəstək olan bütün insanlara təşəkkür etmək istərdim. Avropa çempionatı çox gərgin keçdi. Həyəcansız oyunlar olmadı.


“Bu yarışda rahat idim. Çalışırdım hisslərə imkan verməyim. Çünki bir səhv arzumun həyata keçməsinə mane ola bilərdi. Qitə yarışında uğurlu çıxış etməyimdə gərgin məşqlərin rolu böyükdü. Dəstək olan bütün məşqçilərə təşəkkür edirəm. Mənimlə çalışan məşqçi Yevgeni Tomaşevskinin adını çəkməyə bilmərəm. Və əlbəttə, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədova minnətdaram. AŞF rəhbərliyi mütəmadi olaraq hazırlığımızla maraqlanır, təcrübəli məşqçiləri işə cəlb edir. Onların ümidini doğrultduğum üçün şadam.


“ Əvvəllər yarışdan əvvəl ancaq qələbə barədə düşünürdüm. Nəticə olmayanda təbii pis təsir edirdi. Yəni getdiyim turnir barədə fikirləşirdim. İndi daha böyük düşünürəm. Məşqlərdə gələcəkdə bütün yarışları hədəfə alıram. Bir yarışda alınmaz, digərində alınar. 2022-ci ildə bürünc medaldan sonra düşünürdüm ki, görəsən medalı qızıl mükafata çevirə bilərəm? Xəyal qururdum. İnanırsınız, bəzən adam özünə inanır, bəzən inanmır. Xəyalım indi gerçəkləşdi”.

 

“Qitə çempionluğu arzum idi. Bu uğur xəyal quran gənclərə kömək ola bilər. Həyatda böyük uğurlar barədə xəyal qurmaq faydalıdı. Sadəcə gücünə inanmalısan. Bəzən ciddi hədəflərə nail olmaq çətin görünür. İnanmaq və mübarizəni davam etdirməlisən. Hamıya təşəkkür edirəm”.

0 comments
bottom of page