top of page

“Əsas mərhələdən fərqli matçlar izləyəcəyik” – Joze Alesio

Cəmi 2 gündən sonra futzal üzrə Yüksək Liqada həlledici mərhələ – pley-off oyunları keçiriləcək.

90plus.az xəbər verir ki, “Araz” (Naxçıvan) finala gedən yolda “Baku Fire” ilə üz-üzə gələcək.

İllərdir qızıl medalları heç kimə verməyən çempion növbəti dəfə titulunu qoruya biləcəkmi? Baş məşqçi Joze Alesio Da Silvanı dinləyək:


“Təxminən bir illik fasilədən sonra zalların üzümüzə açılması, çempionatın bərpası, oyunların keçirilməsi müsbət haldır. Buna görə də sevinmək lazımdır. Əlbəttə, işin təşkilati tərəfindən də narazı qala bilmərəm. İstər oyunların keçirilməsi üçün zalların ayrılması, təqvimin müəyyənləşdirilməsi, komandalara yaranan problemlərin dərhal həllində köməkliyin göstərilməsindən məmnunuq. Əsas narahat edən məqam komandaların gözlədiyimdən bir qədər zəif çıxış etməsidir. Düzdür, mövsümə “Record” yaxşı heyətlə başlamışdı. İranlı legionerlərlə “döyüşə” atılan komandanın uğuru uzun çəkmədi və heyəti dağıldı. Hakimlərlə bağlı da işlər görülür, amma bir qədər diqqətli olmalarını arzulayıram. Başa düşürəm, oyun intizamı, qaydaları əsasdır və hər kəs buna riayət etməlidir. Lakin fikrimcə, vərəqədən çox istifadə edirlər.

Həlledici raund çox gərgin keçəcək. Çünki çempionatın ən yaxşı iştirakçıları bu mərhələdə gücünü sınayacaq. Əsas mərhələdən fərqli matçlar izləyəcəyik.


Finala gedən yolda rəqibimiz “Baku Fire”dir. Güclü heyətə malikdirlər. Həm təcrübəli, həm də gənc futzalçılarla bizə, “Neftçi”yə, EKOL-a qarşı uğurlu oyunlar keçiriblər. Hörmətlə yanaşırıq. Özlərinin oyun üslubu, intizamı olan komandadır. Çox diqqətli olmalıyıq. Yaxşı təşkilatlanmış bir komanda ilə qarşılaşacağıq.


Heyətimizdə də itkilər var. Əsas qapıçımız, eləcə də heyət oyunçularımızdan biri bizə kömək edə bilməyəcək. Heyətimiz məhduddur. İtkilərin olması da mənfi təsir edəcək. İlk görüşdə gənc qapıçının ümidinə qalacağıq. Elə etməliyik ki, problem yaşamayaq. Müəyyən taktiki gedişlər edəcəyik. Xüsusilə də qapıçımızın təcrübəsiz olması bizi düşündürür. Ancaq heç kimi indidən “Araz”ın finala yüksələcəyini düşünməsin. Hər iki komandanın şansı bərabərdir”.


“Baku Fire” da hazırlığını davam etdirir. Əsas mərhələdə əzmkarlığı ilə seçilən paytaxt təmsilçisi mövsümü mükafatçılar sırasında başa vurmaq niyyətindədir. Bunu reallaşdırmaq nə dərəcədə mümkün olacaq, zaman göstərəcək. Amma baş məşqçi Teymur Eyvazov iddialıdır:


“Əsas mərhələni qiymətləndirsək, komandamın uğurlu çıxış etdiyini qeyd edə bilərəm. Əksər oyunlarda əzmkarlıq nümayiş etdirdik və bunun nəticəsində də xal və xallar qazandıq. Xüsusilə də qış fasiləsindən sonra kollektivimiz daha inamlı və baxımlı oyun nümayiş etdirdi. Əlbəttə, bunu sona qədər – pley-off mərhələsində də davam etdirə bilsək, mövsümü mükafatçılar sırasında başa vurmağı bacaracağıq. Çempionatı medalla başa vurmağı çox istəyirik.


Pley-off mərhələsindəki matçların çempioantdakı duellərdən daha çətin və gərgin keçəcəyini düşünürəm. Yaxşı hazırlaşmaq üçün 5 günlük məşq proqramı hazırlamışıq. Əsas narahat olduğum məqam, futzalçılarımızın yüngül zədəsinin olmasıdır. Ümid edirəm ki, həlledici mərhələnin oyunlarına tam heyətlə çıxmağı bacaracağıq. Rəqiblərimizlə pley-off mərhələsində dəfələrlə üz-üzə gəlmişik, həm biz onları, həm də onlar bizi yaxşı tanıyır. “Baku Fire”in ən yaxşı oyunlarını məhz pley-off mərhələsində nümayiş etdirəcəyini düşünürəm. Məqsədimiz yenə deyirəm, cari çempionatı mükafatçılar sırasında başa vurmaqdır”.

0 comments

Recent Posts

See All
bottom of page