Premyer Liqada Jan-Filip Mateta küləyi - 3 qol birdən

İngiltərə Premyer Liqasının 8-ci turunda "Kristal Pelas" və "Bornmut" komandaları arasında Londonun "Selherst Park" stadionunda keçirilən matç 3:3 hesabı ilə yekunlaşıb.
90plus.az xəbər verir ki, oyuna yaxşı başlayan qonaq komanda – "Bornmut" baş məşqçi Andoni İraolanın rəhbərliyi altında ilk hissəni Kroupinin dublu ilə 0:2 hesabı ilə öndə tamamlayıb. Bu görüşə 5 oyunluq məğlubiyyətsiz seriya ilə gələn "Bornmut" ilk hissədə tam üstünlük nümayiş etdirib.
İkinci hissədə "Kristal Pelas"ın hücumçusu Jan-Filipp Mateta səhnəyə çıxıb. 64 və 69-cu dəqiqələrdə ard-arda vurduğu qollarla hesabı bərabərləşdirən fransalı forvard komandasını oyuna qaytarıb. Lakin 89-cu dəqiqədə "Bornmut"un oyunçusu Rayan Kristi yenidən komandasını önə keçirib.
Matçın taleyini isə 90+7-ci dəqiqədə yenidən Mateta müəyyənləşdirib. O, penalti zərbəsini dəqiq yerinə yetirərək het-trikini tamamlayıb və "Kristal Pelas"a 1 xalı qazandırıb.
Qeyd: Ötən həftə ilk dəfə Fransa millisinin heyətinə çağırılan və debütündə qol vuran 28 yaşlı Mateta, bu mövsüm Premyer Liqada 8 oyunda 5-ci qolunu vurub.
Bu nəticədən sonra "Kristal Pelas" xallarını 13-ə, "Bornmut" isə 15-ə yüksəldib.
© Copyright 2025, All Rights Reserved