"Qalatasaray"a aid foto və "Lids Yunayted"dən açıqlama

İngiltərə Çempionşipindən Premyer Liqaya vəsiqə qazanan "Lids Yunayted" komandanın kapitanlarından olan Ethan Ampadu ilə bağlı ictimai reaksiyalara cavab olaraq rəsmi açıqlama verməyə məcbur qaldı.
90plus.az xəbər verir ki, səbəb isə sosial mediada yayılan "Qalatasaray" formalı şəkillər idi.
2023-cü ilin iyul ayında "Çelsi"dən "Lids Yunayted"ə transfer olunan və qısa müddət ərzində kapitanlıq səviyyəsinə yüksələn 24 yaşlı Ampadunun keçmiş həyat yoldaşı, uşaqlarının "Qalatasaray" forması geyindiyi fotoları sosial mediada paylaşdıqdan sonra İngiltərədə böyük narazılıq yaranıb.
Məsələnin bu qədər reaksiyaya səbəb olmasının əsas səbəbi isə 2000-ci ildə "Qalatasaray" ilə UEFA Kubokunun yarımfinalında qarşılaşmaq üçün İstanbula gələn "Lids Yunayted" azarkeşləri ilə baş verən insidentlərdir. Həmin hadisələr zamanı Kevin Spayt və Kristopher Loftus adlı iki "Lids Yunayted" azarkeşi həyatını itirmişdi.
Reaksiyalar fonunda "Lids Yunayted" klubundan yayılan açıqlamada aşağıdakı ifadələrə yer verildi:
“'Lids Yunayted' olaraq Ethan Ampadunun oğlunun internetdə yayılan görüntülərindən xəbərdarıq. Ethan bir neçə ay əvvəl həyat yoldaşından ayrılmışdır və bu görüntülərlə bağlı heç bir məsuliyyəti yoxdur. O, Loftus və Spayt ailələrinin yaşadığı faciəvi itkini anlayır və bu məsələyə qarşı həssas yanaşır.”
Açıqlamanın davamında klub, futbolçunun çətin bir dövrdən keçdiyini və məxfiliyinə hörmətlə yanaşılmasını istədiyini bildirib:
“Kapitanımız bu mövsüm həm meydanda, həm də meydandan kənarda liderlik göstərmiş, klubumuz və 'Lids' cəmiyyəti ilə bağlılığını nümayiş etdirmişdir. Ethan 'Lids Yunayted'də hər kəsin tam dəstəyinə malikdir. Klub əlavə açıqlama verməyəcək.”
Digər tərəfdən, Ethan Ampadunun keçmiş həyat yoldaşı Sara da öz sosial media hesabından məsələ ilə bağlı açıqlama verib. O, yazıb:
“İstanbulda həyatını itirən iki nəfərin ailələrinə başsağlığı verirəm. Mən türkiyəliyəm və oğlumuz da qismən türkdür. 'Qalatasaray' ailəmin illərdir dəstəklədiyi komandadır. Biz valideynik və Ethan da həmin fotoşəkildən xəbərdar idi. 'Lids Yunayted'dən xahiş edirəm ki, yalan açıqlamalar verərək yanlış təsəvvür yaratmasın.”