"Qalatasaray" Fransa millisinin yarımmüdafiəçisini alır
Türkiyə Super Liqasında mövsümün ilk yarısını lider tamamlayan “Qalatasaray” qış transfer dönəmində heyətini gücləndirmək üçün çalışmalara başlayıb.
90plus.az xəbər verir ki, sarı-qırmızılılar xüsusilə yarımmüdafiə xəttinə gənc və perspektivli futbolçu cəlb etməyi planlaşdırır.
Bu kontekstdə “Qalatasaray”ın gündəminə gələn əsas adlardan biri fransalı yarımmüdafiəçi Djaoui Sisse olub. 21 yaşlı futbolçu son bir il ərzində göstərdiyi sürətli inkişafla diqqət mərkəzinə düşüb.
“BeİN Sports”un yaydığı xəbərə görə, hazırda “Renn” forması geyinən Djaoui Sisse son 1 ildə bazar dəyərini təxminən 150 dəfə artıraraq 15 milyon avro səviyyəsinə çatdırıb. Gənc futbolçu bu mövsüm liqada 14 oyunda meydana çıxıb və 716 dəqiqə forma geyinib.
Djaoui Sissenin “Renn” klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir ki, bu da transferin asan olmayacağını göstərir.
Xəbərdə həmçinin bildirilir ki, “Qalatasaray” yalnız Sisse ilə kifayətlənmir. İstanbul təmsilçisinin yarımmüdafiə üçün digər namizədləri arasında “Loryan”da çıxış edən Artur Avom və “Vulverhempton”un futbolçusu Andre də yer alır.
Qış transfer pəncərəsində “Qalatasaray”ın hansı futbolçunu heyətinə qatacağı maraqla gözlənilir.
Qeyd: Futbolçu Fransa millisinin 21 yaşlılarından ibarət komandasında da forma geyinir.
© Copyright 2026, All Rights Reserved