"Qalatasaray"ın hücumçusu İspaniya nəhənginin radarına girdi
"Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhen zədəsini geridə qoymaq üzrədir. "Liverpul"la UEFA Çempionlar Liqası oyununda zədələnən nigeriyalı hücumçu əməliyyatdan sonra əvvəlcə zal məşqlərinə başlamışdı.
90plus.az xəbər verir ki, qol nahiyəsində – daha dəqiq desək, ulna sümüyündə problem yaşayan Osimhen artıq məşqlərin növbəti mərhələsinə keçib. Təcrübəli futbolçu zal çalışmalarından sonra yaşıl meydanda da fərdi məşqlərə start verib. Mövsümün həlledici mərhələsinə yaxınlaşan "Qalatasaray" üçün onun qayıdışı böyük əhəmiyyət daşıyır.
Bu arada İspaniya mətbuatından diqqətçəkən iddia ortaya atılıb. Məlumata görə, "Barselona" yay transfer pəncərəsində hücum xəttini gücləndirmək istəyir və namizədlər arasında Osimhen də var.
Xəbərdə bildirilir ki, Kataloniya klubu üçün əsas hədəf "Atletiko Madrid"in futbolçusu Xulian Alvaresdir. Lakin bu transferin təxminən 200 milyon avro dəyərində olması və Madrid klubunun oyunçunu buraxmaq istəməməsi səbəbindən bu keçid çətin görünür.
Bu səbəbdən Viktor Osimhenin "Barselona" üçün daha real və münasib variant olduğu vurğulanır.
Mövsüm performansı
Osimhen cari mövsümdə "Qalatasaray"ın heyətində 29 oyuna çıxıb. O, bu görüşlərdə 19 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved