Qaret Beyl: “İflas etməkdən qorxmuşam”

Qaret Beyl: “İflas etməkdən hər zaman qorxmuşam”.
90plus.az xəbər verir ki, “Tottenhem” və “Real Madrid”in sabiq ulduzu Qaret Beyl karyerası boyunca ən çox qorxduğu şeyin iflas olduğunu etiraf edib.
36 yaşlı sabiq futbolçu “Front Office Sports”a müsahibəsində deyib ki, bir çox idmançının karyerası bitdikdən sonra maddi çətinliklər yaşadığını gördükdən sonra öz maliyyəsini diqqətlə idarə etməyə qərar verib:
“Karyeraları bitəndə iflas edən idmançılar haqqında xəbərlər oxuyursunuz. Pullarını necə idarə edəcəklərini bilmirlər, nəyə sərmayə qoyacaqlarını da. Çoxu dəbdəbəli həyat sürür, mən isə bunu etməməyə çalışdım.”
Beyl bildirib ki, futbolu buraxandan sonrakı həyatı həmişə planlı şəkildə düşünüb:
“Futbolu bitirdikdə maaş da dayanır. O vaxt insanlar həyatlarını necə yenidən qururlar? Mən hər zaman gəlirlərimi müxtəlif sahələrə yönəltməyə çalışdım. Fikrimi belə qurmuşdum: əgər bir iş alınmasa, hər şeyimi itirməyim.”
Xatırlatma: Qaret Beyl 2022-ci il Dünya Çempionatından sonra futbol karyerasını başa vurub. Hazırda o, qolfla məşğuldur, Kardiffdəki “Elevens Bar” və “Par 59” məkanlarının sahibidir, həmçinin Uelsdəki viski istehsalına və Taiger Vudsun “TGL” qolf liqasına sərmayə qoyub.
Bir vaxtlar “Real Madrid”lə imzaladığı 150 milyon funt sterlinqlik müqavilə ilə dünyanın ən çox qazanan futbolçularından biri olan Beyl hazırda da maliyyə məsələlərində ehtiyatlı davranır.
O, eyni zamanda TNT Sports kanalında ekspert kimi fəaliyyət göstərir və “Tottenhem”in “Mançester Yunayted” üzərində qazandığı Avropa Liqası finalının yayımlarında da iştirak edib. Bundan əlavə, Beyl “Cardiff City” klubunu almaq istəyən konsorsiumun üzvlərindən biridir.
© Copyright 2025, All Rights Reserved