Qaret Beyl İngiltərədə klub alır

“Real Madrid”in əfsanəsi Qaret Beyl klub sahibi olmağa hazırlaşır.
90plus.az xəbər verir ki, “Real Madrid”in və Uels millisinin sabiq ulduzu Qaret Beyl futbol dünyasına bu dəfə sahibkar kimi qayıtmağa hazırlaşır. Təcrübəli futbolçu İngiltərədə çıxış edən “Kardiff Siti” klubunu almaq üçün rəsmi təklif irəli sürüb.
“Liqa 1”ə qədər geriləyən “Kardiff Siti”nin hazırkı sahibi Vinsent Tan klubun satılması üçün təzyiqlərlə üzləşir. Qaret Beylin 54 milyon dollar dəyərində ilkin təklifinin rədd edildiyi bildirilir. Lakin ulduz futbolçu yeni və daha cəlbedici bir təkliflə geri dönüb.
Qaret Beyl "FOS Today"ə verdiyi açıqlamada bunları deyib:
“Bu çox həyəcanverici bir xəbərdir. Hazırda masada yeni bir təklifimiz var və biz bu təklifi təzə təqdim etmişik. Təklifin olduqca ədalətli, hətta olduqca səxavətli olduğunu düşünürük. Ümid edirik ki, hazırkı sahiblər bunu ciddi qəbul edəcəklər.”
O əlavə edib:
“İstərdik ki, bu təklif qəbul olunsun və biz klub üzərində tam nəzarəti ələ alaraq ‘Kardiff Siti’ni potensialına uyğun şəkildə inkişaf etdirə bilək.”
Qeyd: Qaret Beylin rəhbərlik etdiyi konsorsium “Kardiff Siti” ilə maraqlanan yeganə tərəf deyil. Yaxşı maliyyə imkanlarına malik digər potensial alıcıların da proseslə bağlı məlumatlandırıldığı bildirilir.
© Copyright 2025, All Rights Reserved