Qavi 204 gün sonra qayıtmağın sevincini bölüşdü
“Barselona”nın yarımmüdafiəçisi Qavi “Sevilya” üzərində 5:2 hesablı qələbədən sonra zədədən sonra qayıdışı və keçirdiyi çətin dövr barədə açıq danışıb.
90plus.az xəbər verir ki, o, 204 gün davam edən bərpa prosesindən və “Kamp Nou”ya qayıdışın yaratdığı emosiyalardan bəhs edib:
“Düzünü desəm, çox çətin oldu. Hətta əvvəlki dəfədən də daha çətin. Çox ağır dövr keçirdim. Bərpa prosesi daha ağrılı idi və gündəlik məşqlər mənim üçün daha çətin keçirdi. Bu gün “Kamp Nou”dakı hisslər isə bənzərsizdir. Çox xoşbəxtəm”, – deyə Qavi bildirib.
O, həmçinin baş məşqçi Hansi Fliki dəstəyinə görə tərifləyib:
“Flik hər zaman yanımda olub, sanki ata kimi. Həmişə mənə dəstək verib. Ona çox minnətdaram, çünki daim mənə güvənib və mən bunu hiss etmişəm. Onunla işləməkdən çox məmnunam və ümid edirəm ki, o, burada uzun illər qalacaq”.
Gənc yarımmüdafiəçi kluba sadiqliyini də bir daha vurğulayıb:
“Mən bu klub üçün həmişə hər şeyimi verirəm. Həyatımın sonuna qədər də belə davam edəcəyəm”.
“Barselona”nın qarşıdakı oyunları haqqında danışan Qavi əlavə edib:
“İndi “Nyukasl” gəlir, sonra isə “Rayo”. Onlar çətin rəqiblərdir. Mən xoşbəxtəm və indi diqqətimizi evdə “Nyukasl”la oyuna yönəldirik”.
“Barselona”nın “Sevilya” üzərində üstünlüyü üzərinə bir də 81-ci dəqiqəsində Qavinin Rafinyanı əvəzləyərək “Kamp Nou” meydançasına daxil olması azarkeşləri coşdurub. Yarımmüdafiəçi tribunaların gurultulu alqışları və azarkeşlərin səsləndirdiyi şüarlar altında qarşılanıb.
© Copyright 2026, All Rights Reserved