“Qəbələ”nin çalışdırıcısı: “Hələ qarşımızda vaxt var”
Misli Premyer Liqasının 25-ci turunda səfərdə “Turan Tovuz”a 2:3 hesabı ilə məğlub olan “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra mətbuat konfransında maraqlı açıqlamalar verib.
90plus.az xəbər verir ki, gürcü mütəxəssis komandasının ən böyük probleminin asan qollar buraxmaq olduğunu bildirib və azarkeşlərin narazılığını başa düşdüyünü deyib. O, xüsusilə diqqətsizlik səbəbindən itirilən epizodların komandaya baha başa gəldiyini vurğulayıb.
Sxadadze müdafiədə buraxılan səhvlərlə bağlı belə danışıb:
“Təəssüf ki, çox asan qollar buraxırıq. ‘Neftçi’ ilə oyunu xatırlasaq, cərimə meydançasında bizim dörd, rəqibin cəmi bir futbolçusu var idi, amma yenə də qol buraxdıq. Bu, yolverilməzdir”.
Baş məşqçi nəticəyə görə məsuliyyəti öz üzərinə götürdüyünü də gizlətməyib:
“Azarkeşlərin narazılığını tam başa düşürəm. Təbii ki, nəticəyə görə baş məşqçi cavabdehdir. Mən məsuliyyətdən qorxmuram və cavab verməyə hazıram”.
O, komandanın rəqibdən oyun baxımından ciddi geri qalmadığını, əsas problemin futbolçuların konsentrasiyası ilə bağlı olduğunu bildirib:
“Rəqibə bütün komponentlərdə uduzduğumuzu deməzdim, əsas problem futbolçuların konsentrasiyasındadır”.
Sxadadze həmçinin son vaxtlar sıx oyun qrafikinin komandaya psixoloji təsir etdiyini də qeyd edib:
“Son ay yarımda 11 oyun keçirmişik və bu cür sıx qrafik oyunçularda psixoloji yorğunluq yaradıb. Qış fasiləsindən sonra oyunumuzda irəliləyiş var, amma nəticə qazanmaqda çətinlik çəkirik”.
Baş məşqçi mövsümün sonuna qədər mübarizə aparacaqlarını da sözlərinə əlavə edib:
“Daha güclü olmalıyıq. Hələ qarşımızda vaxt var və inanıram ki, bundan sonra daha yaxşı çıxış edə biləcəyik. Liqada qalmaq üçün əlimizdən gələni edəcəyik”.
© Copyright 2026, All Rights Reserved