Qurban Qurbanov Xabi Alonsoya rəqib ola bilər
Qurban Qurbanov və Xabi Alonso meydanda rəqib ola bilər.
90plus.az xəbər verir ki, Almaniyanın “Ayntraxt” klubu baş məşqçi postu üçün Xabi Alonso variantını ciddi şəkildə nəzərdən keçirir. Frankfurt təmsilçisi Dino Toppmöller ilə yolları ayırdıqdan sonra 44 yaşlı ispan mütəxəssisə böyük təklif hazırlayır.
Nüfuzlu BILD nəşrinin yaydığı məlumata görə, “Real Madrid”dən ayrılan Xabi Alonso “Ayntraxt”ın əsas namizədlərindən biridir. Klub rəhbərliyi onun Bundesliqaya qayıdışının həm idman, həm də imic baxımından böyük rezonans doğuracağına inanır.
Qeyd olunur ki, Alonso Almaniyada yenidən iddialı layihə ilə çıxış etmək niyyətindədir. Bu təyinat onun Madriddə istədiyi qədər söz sahibi ola bilmədiyi dövrü arxada qoyması və “Bayer Leverkuzen”də formalaşdırdığı oyun üslubunu yenidən nümayiş etdirməsi üçün yaxşı fürsət kimi qiymətləndirilir.
Maraqlı məqam ondan ibarətdir ki, Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Ayntraxt” yanvarın 21-də Bakıda meydana çıxacaq. Xabi Alonso bu posta təyin olunacağı təqdirdə, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanovla mümkün duel futbol ictimaiyyətində xüsusi maraq doğura bilər.
© Copyright 2026, All Rights Reserved