Qurban Qurbanovdan yubiley qələbəsi - 500 oldu
Qurban Qurbanov baş məşqçi kimi karyerasında 500-cü qələbəsini əldə edib.
90plus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, bu əlamətdar nəticə Çempionlar Liqasının Liqa mərhələsinin VII turuna təsadüf edib.
Azərbaycan çempionu “Ayntraxt”ı (Frankfurt, Almaniya) doğma meydanda 3:2 hesabı ilə məğlub edib. Bu qələbə Qurbanovun “Qarabağ”ın baş məşqçisi olduğu dövrdə 471-ci uğuru kimi qeydə alınıb. Təcrübəli mütəxəssis həmçinin “Neftçi” ilə 25, Azərbaycan milli komandası ilə isə 4 qələbə qazanıb. Onun klub səviyyəsindəki 496 qələbəsindən 364-ü Premyer Liqa, 54-ü ölkə kuboku, 78-i isə avrokubokların payına düşür. 500-cü qələbə Qurbanovun baş məşqçi kimi keçirdiyi 857-ci oyunda reallaşıb. O, rəhbərlik etdiyi komandalarla oyunların 58,34 faizində qalib gəlib.
Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006/2007 mövsümündə “Neftçi”nin başında qazanıb. 2006-cı il avqustun 6-da “Gənclərbirliyi”ni qəbul edən Bakı klubu 6:1 hesablı inamlı qələbə əldə edib.
© Copyright 2026, All Rights Reserved