Qurbanov: “8 il əvvəlki deyilik”
Qurban Qurbanov: “8 il əvvəlkindən daha təcrübəliyik".
90plus.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 10-cu turunda “İmişli”yə qarşı qazanılan 2:0 hesablı qələbəni dəyərləndirib. Təcrübəli mütəxəssis həmçinin qarşıdakı “Çelsi” ilə Çempionlar Liqası oyununa da toxunub.
Qarşılaşmanın analizi
Qurbanov əvvəlcə rəqib komandanın baş məşqçisinə matçın yerinin dəyişməsinə razılıq verdiyi üçün təşəkkür edib:
“Çox vacib qələbə idi. İntizamlı rəqibə qarşı oynadıq. İlk hissədə ‘İmişli’ çox düzgün müdafiə olundu, təhlükəli əks-hücumları oldu və penalti qazandılar. Oyundan qopmadıq, intizamı qoruduq. İkinci hissədə temp artdı və layiqli qələbə əldə etdik. Çempionat bu tempdə davam edəcək, ona uyğun hazırlaşmalıyıq.”
Əvəzetmələr və fiziki hazırlıq
Baş məşqçisi əvəzetmələri gec etməsinin səbəbini belə izah edib:
“Hər futbolçunun daha çox oynamağa ehtiyacı var. Bəzi oyunçular üçün 60 dəqiqə kifayət deyil. Durana görə dəyişiklik etdik, çox enerji xərcləmişdi. Nəriman və Addai də oyuna daxil oldular ki, ön pressinqi davam etdirək.”
Nəriman Axundzadənin fiziki durumuna da toxunub:
“Start heyətində ola bilər. 90 dəqiqə oynamaq potensialı var.”
Rəqiblərin uyğunlaşması və taktiki yanaşma
“Rəqiblər sizi çözür” fikrinə Qurbanov belə cavab verib:
“Taktiki yenilikdən danışmıram. Futbol ötürmə oyunudur. Daha dinamik və yaradıcı olmalıyıq. Hər yerdə sistem inkişaf edib, biz də buna uyğunlaşmalıyıq.”
Transfer siyasəti və ulduz futbolçu məsələsi
“Neftçi”nin Vensan Abubakarı transfer etməsinə münasibət:
“Xeyirli olsun. Biz də keyfiyyətli hücumçu istəmişik, böyük məbləğlər təklif etmişik, sadəcə alınmayıb. Strategiyamız fərqlidir. Ulduz transferə qarşı deyilik, uyğun olsa, biz də edərik.”
Azarkeşlər və stadion məsələsi
Stadionun boş olması barədə:
“Azarkeşsiz futbolun keyfiyyəti görünmür. 3-4 min nəfər görəndə sevinirik. Bu gün tam stadion olsaydı, başqa atmosfer olardı. Ümid edirik, gələcəkdə dolu arenalarda oynayarıq".
“Çelsi” ilə matç
Sual-cavabla davam edən hissədə Qurbanov qarşıdakı nəhəng qarşılaşma barədə danışıb:
“‘Çelsi’ dünyanın ən bahalı komandalarından biridir. Bu cür rəqibə qarşı oynamaq motivasiya verir. Hər detal önəmlidir. Hamısı birlikdə – xarakter, keyfiyyət və motivasiya – həlledici olacaq.”
Start heyəti barədə suala isə zarafatla cavab verib:
“Həyatda 100 faiz yoxdur.”
Keçmişlə müqayisə
“Kontenin ‘Çelsi’si ilə indiki ‘Çelsi’ müqayisəsi olduqda”:
“Futbol çox dəyişib. Dinamika və güc artıb. 8 il əvvəlkindən daha təcrübəliyik, amma onlar da daha çox inkişaf edib.”
Qurban Qurbanov müsahibənin sonunda “İmişli”yə uğurlar arzulayıb və komandasının liderlik uğrunda mübarizəni davam etdirəcəyini vurğulayıb.