Qurbanov: “Medina qalsaydı, daha inamlı olardıq”
Qurban Qurbanov: “Medina meydanda qalsaydı, futbolçular daha inamlı olardı”.
90plus.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında “Napoli”yə 0:2 məğlub olduqları oyun barədə fikirlərini bölüşüb.
Qurbanov rəqibi təbrik edərək futbolçularının göstərdiyi cəsur oyundan danışıb:
“Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Oyundan razı qaldım. Baxmayaraq ki, məğlub olduq, futbolçularım çəkinmədən sona qədər mübarizə apardılar. Futbolçularımız cəsur oyun göstərdilər. Bu cür davam etməliyik. Dünən də qeyd etdiyim kimi, hər matçdan həzz almağa çalışırıq.
Bu cür gərgin matçlarda planlaşdırılmamış əvəzetmələr bəzən qarşılaşmanın taleyinə təsir göstərə bilir. Medina sona qədər meydanda qalsaydı, bəlkə, futbolçular daha inamlı olardılar. Demək ki, bu gün qalibiyyət “Napoli”nin olmalı idi”.
Qurbanov həmçinin ona heykəl qoyulması məsələsinə də münasibət bildirib:
“Məncə, heç yerdə mənə heykəl qoyulmasın. Belə şeyin olmasını ümumiyyətlə istəmirəm. Mən bu xalqın övladıyam. Tapşırılan işi layiqincə yerinə yetirməliyəm. Heykəli qoyulası o qədər adam var ki… Bizim müharibədə o qədər qəhrəmanlarımız oldu, öz xarakterini ortaya qoyub ölümə gedənlər oldu… Onların haqqında daha çox danışılmalıdır, nəinki bizim. Bu, gündəlik iş rejimidir, bizə mane olan, daş atan yoxdur. Sakitcə öz işimizi görürük”.
Qurban Qurbanovun sözlərinə görə, əsas prioritet hər zaman futbolçuların inkişafı və komandadakı işin davamlılığıdır.
© Copyright 2025, All Rights Reserved