Qvardiola bu futbolçunu təriflədi: "Ən istedadlı futbolçudur"

90plus.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasında “Vilyarreal”a qarşı keçiriləcək qarşılaşma öncəsi komandanın gənc futbolçusu Rayan Çerki haqda yüksək fikirlər səsləndirib.
Fransalı gənc istedad yaxın zamanda yaşadığı zədədən sonra sıraya dönüb və Premyer Liqada “Everton”la oyunun son 5 dəqiqəsində meydana çıxıb. Artıq o, Çempionlar Liqası qarşılaşması üçün səfər heyətinə daxil edilib.
Qvardiola mətbuat konfransında onun haqda bunları deyib:
“Çerki karyeram boyu gördüyüm ən böyük istedadlardan biridir. Texniki cəhətdən, fərdi bacarığı ilə — o, tam zirvədədir!”
Təcrübəli çalışdırıcı Çerkinin hələ komandanın oyun sisteminə tam uyğunlaşmaq mərhələsində olduğunu bildirib:
“Burada əsas məsələ odur ki, o bizim nə etmək istədiyimizi nə qədər tez qavrayır. Klublararası Dünya Çempionatında bu proses yaxşı başladı, amma sonra bir neçə həftəlik fasilə verdi. İndi isə addım-addım gedirik. Hiss edirəm ki, top onun ayağına gələndə vəziyyət çox vaxt daha yaxşı olur. Amma o, hər dəfə möcüzə yaratmalı deyil. Bəzən sadəcə futbol oynamaq kifayətdir.”
Qvardiola Çerkinin psixoloji cəhətdən də güclü futbolçu olduğunu qeyd edib:
“Onun Haland üçün etdiyi ötürmə və digər anlarda nələr edə bildiyini gördük. Ən çox xoşuma gələn cəhət odur ki, o, təzyiq hiss etmir. Daim top istəyir, küçə futbolçusu kimidir — ‘Ver topu mənə!’ deyir. Bu isə çox dəyərlidir. Amma yenə də buradakı müddəti hələ qısadır, bir az daha zamana ehtiyacı var.”
© Copyright 2025, All Rights Reserved